XİN: Türkiyədə silahlıların hücumuna məruz qalan azərbaycanlılar xəsarət almayıb

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə naməlum silahlı şəxslər tərəfindən içərisində Azərbaycan vətəndaşlarının olduğu deyilən sərnişin avtobusunun saxlanması ilə bağlı məlumatı araşdırır.

Diplomatik missiyadan Trend-ə verilən məlumata görə, səfirlik Azərbaycan Qars şəhərindəki Baş konsulluğu ilə birgə Türkiyənin hüquq-mühafizə orqanlarından bu məlumatı yoxlayır.

Bundan əvvəl xəbər yayılıb ki, ötən gecə naməlum silahlı şəxslər Qars-Ərzurum-İğdır magistralında 70 sərnişini olan avtobusu saxlayıblar. Saxlanılanlar arasında azərbaycanlıların da olduğu bildirilir. Sərnişinləri bir neçə saat saxlayandan sonra onların qiymətli əşyalarını və sənədləri aldıqdan sonra buraxıblar.

X X X

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın səfirliyinin və Qarsdakı Baş konsulluğunun Türkiyə hüquq-mühafizə orqanlarından aldığı məlumata əsasən, hadisə İğdır və Qars arasındakı Kağızman rayonu ərazisində baş verib.

H.Hacıyevin sözlərinə görə, hadisə nəticəsində Azərbaycan vətəndaşları daxil olmaqla, avtobus sərnişinlərindən heç kim xəsarət almayıb.

O, qeyd edib ki, avtobusdakı azərbaycanlı sərnişinlərin sayı hələ dəqiqləşdirilir: "Azərbaycanın diplomatik missiyası bu məsələ üzrə Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaqda davam edir".
Şərhlər
Siyasət bölməsinin xəbərləri