Qədim dövlətçilik ənənələrinə baxmayaraq, Azərbaycan gənc bir ölkədir və son iki onillikdə biz ölkəmizin müasir bir ölkəyə çevrilməsinə nail olmuşuq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakı Gələcək Forumunda çıxışı zamanı bildirib.
Aslanov qeyd edib ki, son illərdə Azərbaycan beynəlxalq məsələlərin müzakirə olunduğu qlobal forumların məkanına çevrilib. Bunların sırasına, Dünya İqtisadi Forumunun aprel ayında keçirilən "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusundakı tədbiri və əlbəttə ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daxildir.
PA rəsmisi hesab edir ki, bu, Azərbaycanın regionda və dünyada artan əhəmiyyətindən və rolundan irəli gəlir: "Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların Şərq və Qərb, Şimal və Cənubun kəsişməsində birləşən nadir ərazilərdən biridir".
Aslanovun fikrincə, həm islam, həm də Avropa təşkilatlatlarının üzvü kimi, Azərbaycan hər iki sivilizasiyanın dəyərlərini özündə birləşdirir və bu da onun Avrasiyada geosiyasi, geostrateji və geoiqtisadi əhəmiyyətli bir mərkəz rolunu oynamasına imkan yaradır.
PA rəsmisi qeyd edib ki, zəngin mədəniyyəti, qədim tarixi və ənənələrindən savayı, Azərbaycan neft və təbii qazına görə də yaxşı tanınır: "1991-ci ildə müstəqilliyimizin bərpasından sonra, Azərbaycan Xəzərin enerji ehtiyatlarının inkişafı və onların Avropanın enerji təhlükəsizliyi infrastrukturlarına inteqrasiyasında öncül olmuşdur".
Aslanov xatırladıb ki, ulu öndər Heydər Əliyev sayəsində "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı, strateji Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizindən açıq okeana neft nəql edərək regionda ən mühüm infrastruktur layihəsinə çevrildi.
O qeyd edib ki, bütün bu uzunmüddətli layihələr, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri və Transanadolu qaz kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində cox böyük əhəmiyyət kəsb edir: "Təəssüflər olsun ki, həll olunmamış münaqişələr bizim bütün Avro-Atlantik məkanda firavanlıq, təhlükəsizlik və sabitliyin təmin olunması üzrə göstərdiyimiz səylər üçün uzunmüddətli problemdir".
Dağlıq Qarabağ münaqişəsinə toxunan Aslanov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli istiqamətində davam edən siyasi səylərə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq kobud şəkildə pozulur: "Bu ilin aprel ayında Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının "BMT TŞ 822" saylı qətnaməsinin qəbul edilməsindən 20 il ötüb. Lakin Ermənistan nəinki bu qətnaməni, həmçinin BMT-nin bu münaqişə üzrə qəbul etdiyi digər üç qətnaməni heç bir zaman icra etməyib. Dünya bu məsələyə susur və Ermənistan isə bundan status-kvo-nu gücləndirmək üçün istifadə edir".
Aslanov vurğulayıb ki, Azərbaycanın strategiyası bütün işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin evlərinə qayıtması və bütün Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına yönəlib.