Jurnalist Rasim Əliyevi əməliyyat edən cərarah açıqlama yayıb

Jurnalist Rasim Əliyevi əməliyyat edən cərarah açıqlama yayıb
AA+A-

[ 13 Avqust 2015 12:46 ]


Bir neçə gün əvvəl döyülərək aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən cərrah, professor Saday Əliyev açıqlama yayıb.

APA-ya daxil olan açıqlamada qeyd olunub ki, son günlər sosial şəbəkələrdə mərhum jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar çoxsaylı məlumatlar dərc olunur: “Bu məlumatların bir çoxu birmənalı olaraq obyektiv faktlara əsaslandırılmayan “kütlə emosiyası”, populist çıxışlar və böhtan xarakteri daşıyır. Məsələnin məğzindən xəbəri olmayan bəzi insanlar hadisəyə sərbəst, iradi, tərəddüdsüz və birmənalı subyektiv münasibət bildirirlər. Məlumat üçün bir daha xatırladıram ki, mənim mərhum Rasim Əliyevin nə xəstəxanaya qəbulundan nə onun müayinəsindən və nəzarət olunmasından xəbərim olmayıb və bu proseslərdə iştirak etməmişəm. Onun valideynlərini tanımıram, görməmişəm. Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm. Vəssalam”.

Həkim jurnalistin əməliyyat zamanı hansı vəziyyətdə olduğunu da açıqlayıb: “Qeyd etməliyəm ki, əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma alıb. Nəticədə xəstənin daxili orqanları əksəriyyəti parçalanıb, cırılıb, funksiyasını itirmişdi. Travmanın xarakteri, daxili orqanların vəziyyəti və əməliyyat barədə mən məlumat vermişəm. Alınmış bədən xəsarəti ağır kateqoriyaya aiddir (döş qəfəsinin və qarın nahiyəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması). Əməliyyatın həcmi travmanın xarakterinə uyğun olub. Lakin çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstənin ölümü hər bir cərrah üçün dərin psixoloji şok, mənəvi travmadır. Allah ona rəhmət eləsin. Bu hadisənin ən çox narahatlıq törədən tərəflərindən biri də odur ki, sosial şəbəkələrdə birmənalı olaraq xəstənin cərrahların səhvi nəticəsində ölməsi fikri iddia edilir. Bu vəziyyətdən istifadə edən insanlar məsələyə dəxli olmayan və tamamilə böhtan və şantaj xarakterli daşıyan məlumatlarla çıxış edirlər.

Mən bir daha mərhum Rasim Əliyevin ailəsinə və qohumlarına dərin hüznlə başsağlığı verirəm, Allahdan onlara səbr diləyirəm. Allah rəhmət eləsin".
Şərhlər
Sosial bölməsinin xəbərləri