“Maşa və ayı” animasiya filminin müəllifləri layihənin bağlanması haqqında fikirləri təkzib ediblər

“Maşa və ayı” animasiya filminin müəllifləri layihənin bağlanması haqqında yayılan fikirləri təkzib ediblər. APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, “Animakkord” studiyasının baş direktoru Dmitri Loveiko bildirib ki, multiplikasiya serialı haqqında onun dedikləri düzgün anlaşılmayıb.

Baş direktor qeyd edib ki, layihə ilə bağlı problem maliyyə resurslarının məhdudluğu ilə yox, animatorların sayının az olmağı ilə əlaqəlidir.

Rusiya mətbuatı məlumat yayıb ki, “Animakkord” studiyası sonuncu – 52-ci seriyasını “Youtube”a yerləşdirib və yaradıcı heyət çəkilişləri davam etdirməyi hələlik planlaşdırmır.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu animasiya jurnallarından biri “Maşa və ayı”nı gələcəkdə klassikaya çevrilə biləcək layihələrdən biri kimi dəyərləndirib. Bu, Rusiyadan siyahıya daxil edilən yeganə layihədir. “Maşa və ayı” Böyük Britaniya və İtaliyada da böyük şöhrət qazanıb.

Animasiya filmi 2009-cu ildən çəkilir və Rusiyanın birinci kanalında yayımlanır. Serial Andrey Dobrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən yaradılıb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri