Türkiyənin nəqliyyat naziri: ”Bakı-Tiflis-Qars dəmir yolunda ilk sınaqlar bu ilin axırında olacaq”
- 01.03.2013, 12:51,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin növbəti mərhələsi ilə bağlı işləri müzakirə etmək üçün İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan nəqliyyat nazirlərinin iştirakı ilə işçi qruplarının 5-ci toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıdan sonra nazirlər əməkdaşlığın bundan sonrakı mərhələsində görüləcək işləri ehtiva edən protokolları imzalayıblar. İmza mərasimindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binəli Yıldırım Bakı-Tiflis-Qars dəmir yolunun bölgə ölkələri arasındakı dostluğu və qardaşlığı simvollaşdıran bir layihə olduğunu xatırladaraq, layihə həyata keçirilməyə başlayandan sonra həm Azərbaycanın Türk dünyası ilə əlaqələri güclənəcəyini, həm də Marmaray layihəsinin bu dəmir yoluna bağlanmasından Türkiyənin Avropa ilə kommunikasiyası genişlənəcəyini və beləliklə, tarixi İpək yolu layihəsinin dəmir yolu vasitəsilə yenidən gerçəkləşəcəyini bildirib. Binəli Yıldırım nazirlərin iştirakı ilə keçirilən son toplantıda Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində ilk sınaqların 2013-cü ilin axırında olacağını bəyan edib.
Mətbuat konfransında çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən dövlət proqramı çərçivəsində Azərbaycanda 600 kilometr dəmir yolunda yenilənmə işlərinin 2014-cü ildə tamamlanacağını bildirib. Gürcüstanın dəmir yol sisteminin də Azərbaycan tərəfindən yeniləndiyinə diqqəti cəlb edən Məmmədov, bu məqsədlə Azərbaycanın qonşu ölkəyə çox ucuz faizli və 25 il möhlətli 775 milyon dollar kredit ayırdığını deyib.
Mətbuat konfransında APA-nın “Marmaray layihəsindən bəhs etdiniz, o layihə nə vaxt tamamlanacaq? Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvana bağlanması üçün hər hansı layihə üzərində işləyirsiniz?”- suallarına Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri bu şəkildə cavab verib: ”Marmaray Türkiyəni və Türk dünyasını Avropaya bağlayacaq olan çox önəmli bir layihədir. Biz Bakı-Tiflis-Qars dəmir yolundan 2 ay əvvəl - bu ilin oktyabr ayında o layihəni başa çatdırıb açılış etmək istəyirik. Naxçıvanla bağlı layihələr Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının keçən il Qəbələdə keçirdiyi toplantıda prezident İlham Əliyev tərəfindən gündəliyə gətirilib. Biz bu istiqamətdə etüd çalışmalarımıza başlamışıq. Başqa layihələrimiz kimi Naxçıvanın dəmir yolu xətlərinin ümumi kommunikasiya sistemimizə daxil edilməsinə çox böyük önəm veririk və o işin öhdəsindən də ləyaqətlə gələcəyik”.