Abid Şərifov: “Masazırda 1100 evin köçürülməsinə ehtiyac yoxdur”

“Masazırda əksəriyyəti üçün müvafiq razılıq alınmadan bitum yatağı üzərində 1990-cı illərdə fərdi evlər tikilib. Söhbət 1100 evdən gedir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifov bildirib ki, ərazidə araşdırmalar davam edir: “Azərbaycan Milli Elmlər Akademiyası orada bitum yatağının olduğunu bildirir, amma bizdə bununla bağlı konkret məlumat yoxdur. Konkret olan odur ki, orada qaz sızmaları olub, bir evdə partlayış baş verib, insan tələfatı olmayıb, evə ziyan dəyib. Həmin ev bərpa olunub. Belə halların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə tədbirlər görülüb. Mən bir neçə dəfə SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə ərazidə olmuşam, hansı işlər görülməsi ilə bağlı rəyə gəlmişik. Birinci növbədə 1100 evin zirzəmisində nəfəsliklər açdırmışıq ki, qaz yığılmasın. Bütün kommunikasiya, kanalizasiya xətləri yoxlanıb. Bütün bunlar ciddi nəzarətdədir.

Bu gün 1100 evin köçürülməsindən söhbət gedə bilməz, bu, elə də asan məsələ deyil.

Gördüyümüz tədbirlərdən sonra o evlərin köçürülməsinə ehtiyac yoxdur. Biz daim yoxlama aparırıq, qaz yığıntısından partlayış ola bilməz. Onu da deyim ki, bu tədbirlər görülənə qədər ərazidə təcili tibbi yardım maşınları yerləşdirilmişdi, post qoyulmuşdu, eyni zamanda yanğına qarşı tədbirlər görülmüşdü. Görülən tədbirlərdən sonra orada daimi qrup ərazidə gəzir, postları isə götürmüşük. Orada elə bir ciddi problem gözləmirik”.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli Masazırda qır yatağı üzərində təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri