Millət vəkili: Mənzil İstismar sahələrində çalışanlar bələdiyyələrdə işlə təmin olunmalıdır

"Azərbaycanda Mənzil İstismar sahələri (MİS) bağlanarsa, orada çalışanlar bələdiyyələrdə işlə təmin olunmalıdırlar". Bunu Trend-ə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, MİS-lər hazırda çox çətin durumda fəaliyyət göstərən bir quruma çevriliblər. Buna baxmayaraq MİS-lərin bağlanmasının tərəfdarı olmayan deputat hesab edir ki, onların səlahiyyətləri bələdiyyələrə verilərsə, ilk növbədə, orada çalışanların işlə təminatı məsələsi həll olunmalıdır: “Mənzil İstismar sahələrində yüzlərlə insan çalışır. Onların hamısı evlərinə, ailələrinə çörək aparır. Mənzil İstismar sahələrində işləyənlər üçün bələdiyyədə ştatlar artırılmalıdır. Bunları düşünüb, sonra addım atmaq lazımdır. Əks halda, kütləvi işsizlər ordusu yaranacaq”.

Qeyd edək ki, avqustun 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, yəni "ASAN xidmət"ə həvalə edilib. Bu isə öz növbəsində, MİS-lərin səlahiyyətlərinin azaldılması deməkdir.
Şərhlər
Sosial bölməsinin xəbərləri