Azərbaycanda ilan, əqrəb, qurbağa, arı zəhərinin alınması üçün işlərə başlanılır

Azərbaycanda ilan, əqrəb, qurbağa, arı zəhərinin alınması və bu sahədən gəlirin əldə edilməsi üçün işlərə başlanılır.

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan Trend-ə verilən məlumata görə, artıq institutda bununla bağlı yeni konsepsiya üzərində işlənilməyə başlanılıb.

Institutdan əlavə edilib ki, dünyada bu təsərrüfat çox inkişaf edib. Səhra və yarımsəhra ərazilərdə bu təsərrüfatın yaradılması üçün geniş imkanlar olur. Ötən əsrin 70-80-ci illərində Azərbaycanın Ağsu rayonunda da gürzə zəhəri təsərrüfatı olub. Lakin SSRİ süqut etdikdən sonra Azərbaycandakı bu təsərrüfat dağılıb. Yeni konsepsiya Azərbaycanda bu təsərrüfatın bərpasını və daha da genişləndiriıməsini nəzərdə tutacaq.

Təsərrüfatın yaradılması üçün Azərbaycanın imkanlarını da yaxşı dəyərləndirən institutdan qeyd edilib ki, hazırda Azərbaycanın Kür-Araz və Qobustan ərazilərində çox zəngin gürzə var: "Eyni zamanda, Azərbaycanda quru qurbağaların iki, əqrəblərin də iki növü var ki, onlardan da çox qiymətli hesab edilən zəhər almaq olar. Bu zəhərlər çox qiymətli məhsul sayılır və onlar tibbi məqsəd üçün istifadə edilə bilər. Azərbaycanda gürzə zəhəri üçün çox qiymətli xammal var. Düşünürük ki, hazırki imkanlarla il ərzində 2 kq-a qədər gürzə zəhəri alıb onun xaricə satışını təşkil edə bilərik. Amma bu layihə çox maliyyə vəsaiti tələb edir. Bunun üçün çox qiymətli avadanlıqlar tələb olunur”.

İnstututdan əlavə edilib ki, hazırda dünyada inkişaf etmiş bu təsərrüfatı Azərbaycanda da dircəltməklə yanaşı, məhsulların alınması üçün alıcılar axtarmaq istəyirlər. Alıcı tapıldıqdan sonra layihənin iqtisadi-texniki əsaslandırılmasını hazırlayıb bu işə başlamaq nəzərdə tutulur.

Bununla yanaşı, institutda zəhərin əldə edilməsi üçün xüsusi laboratoriyanın da yaradılması planlaşdırılır. Hazırda ilan zəhərinin Rusiyada analiz edilməsi üçün həmin ölkənin müvafiq qurumları ilə də əlaqələr yaradılır.

Bu zəhərlərin yığılması üçün adı sadalanan heyvanların necə toplanılmasına gəldikdə isə institutdan bildirilib ki, bunun üçün ilk növbədə ərazidə olan heyvanların sayı qiymətləndirilməli, müvafiq dövlət qurumlarından icazələr alınmalıdır. Həmin heyvanlar zəhərin toplanılması üçün qapalı şəraitdə saxlanılaraq yemlənilir: “Amma hazırda bu işin reallaşması üçün ən ciddi maneə ilan zəhərinin ən strateji mallar siyahısına daxil edilməsidir.
Şərhlər
Sosial bölməsinin xəbərləri