DÇ-2015: Azərbaycan güləşçiləri Olimpiya lisenziyalarının sayını 10-a çatdırıb
- 12.09.2015, 08:55,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
APA-nın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşir. Sərbəst güləşçilərimizdən Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Rio Olimpiadasına vəsiqə qazanmaqla, Azərbaycan güləşçilərinin əldə etdiyi lisenziya sayını 10-a çatdırıb.
Qadın güləşçilərin yarışında son təmsilçimiz İrina Netreba (60 kq) ilk görüşdə Türkiyə güləşçisi Hafize Şahinə qalib gəlsə də, Ukrayna idmançısı Oksana Herhelə məğlub olub. Ancaq rəqibin finala yüksəlməsilə güləşçimiz təsəlliverici görüşə qatılıb və Kanada güləşçisi B.Grahamdan üstün olub. Bürünc medal uğrunda həlledici görüşdə İrina Netreba ABŞ təmsilçisi L.Jayneslə qarşılaşıb. Gərgin keçən qarşılaşma bərabərə bitsə də, sonuncu xalı rəqib aldığından güləşçimiz məğlub olub və Dünya çempionatını 5-ci sırada tamamlayıb.
Sərbəst güləş yarışları ötənilki Dünya və Avropa çempionumuz Hacı Əliyev (61 kq) bu dəfə də finala qədər maneəsiz irəliləyib. Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olacaq.
Sərbəst güləş yığmamızın 86 kq çəki dərəcəsində üzvü Məhəmmədhacı Xatiyev çempionata uğurlu startı ilə yadda qalıb. Ardıcıl olaraq Makedoniyadan Halil Zuabirov, İrlandiya idmançısı Aleksandr Villiam Dolli, 1/4 finalda isə Latviya təmsilçisi Armands Zvirbulis üzərində qazandığı qələbələrlə güləşçimiz həm də Rio Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Türkiyə güləşçisi ilə gərgin keçən qarşılaşmanın yekununda zədələnən təmsilçimiz görüşü məğlub başa vurub. Bürünc medal uğrunda görüşə çıxacaq güləşçimizin rəqibi Gürcüstan təmsilçisi Sandro Aminaşvili olacaq.
97 kq çəki dərəcəsində yığmamızın kapitanı Xetaq Qazyumov Rio Olimpiadasına vəsiqə qazanan növbəti təmsilçimiz olub. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Xetaq ilk olaraq Belaruslu İvan Yankovskini, ardınca Moldovadan Nikolay Çebanı mübarizədən kənarlaşdırıb. 1/4 finalda Rusiya təmsilçisi Abdusalam Qadisovla gərgin keçən görüşü uduzan Xetaq Qazyumov, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Almaniya təmsilçisi üzərində vaxtından əvvəl əldə etdiyi qələbə güləşçimizə Rio Olimpiadasına vəsiqə qazandırıb. Xetaq Qazyumov bürünc medal uğrunda gürcü Elizbar Odikadze ilə qarşılaşacaq.
Qeyd edək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.