Fuad Ələsgərov: Avropa Parlamentinin siyasi idiotizmi

Fuad Ələsgərov: Avropa Parlamentinin siyasi idiotizmi "Ötən gün Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qətnaməni “partlatdı”. Ardıcıl olaraq bu növ sənədlər ştamplayan təşkilatın əvvəlki fəaliyyətinin analizi belə bir qətnaməni gözləməyə əsas verirdi. Avropa Parlamentinin bizim ölkəyə olan “marağı” hər dəfə vacib beynəlxalq və ya ölkədaxili siyasi hadisələr ərəfəsində pik həddinə çatır. Bu, “Eurovision” və tarixdə ilk Avropa Oyunları ərəfəsində olub, indi də parlament seçkiləri ərəfəsində baş verir". Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.

Fuad Ələsgərov bildirib ki, Avropa Parlamenti Qərbin bəzi dairələrinin müstəqil, ağıllı siyasət yürütmək istəyən ölkələrə qarşı hərtərəfli təzyiq mexanizminin yalnız bir hissəsidir. Bu fakt çoxdandır ki, heç kimdə şübhə yaratmır və ona görə də ötən günkü kağız parçasına məhz bu perspektivdən yanaşmaq lazımdır.

Şöbə müdiri deyib: "Xarakterikdir ki, Azərbaycanla bağlı bütün qətnamələr eyni qrup şəxs tərəfindən hazırlanır. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar hər dəfə bu qətnamələrin “müzakirə”sində iştirak edirlər. Yeri gəlmişkən, həmin müzakirələr ən yaxşı halda cəmi 20 dəqiqə davam edir.

Bu deputatlar Avropa Parlamentinin divarları daxilində anti-Azərbaycan strategiyasının bələdçiləri və icraçılarıdırlar. Təəccüblü deyil ki, bu cür “qiymətli” kadrlar rahat şəkildə təşkilatın yeni heyətinə daxil olublar. Belə deputatların xidmətlərinə bu gün də çirkli oyunların təşkil edilməsi üçün olduqca böyük tələbat vardır.

Qətnamənin özü köhnə reseptlər (üstüörtülü fikirlər, faktların təhrif olunması və açıq yalan) əsasında hazırlanıb. Belə ki, qətnamə müəllifləri utanmadan jurnalist Rasim Əliyevin ölümünə siyasi çalar qatırlar. Bu, ikrah doğuran bir cinayətdır, lakin bizim ölkədə hamıya məlumdur ki, cinayət məişət zəminində törədilib. Bu arada qətnamə müəllifləri “unudurlar” ki, bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər həbs olunublar və hazırda bu iş üzrə hərtərəfli istintaq aparılır.

Qətnamə müəllifləri, həmçinin hökumətin Avropa İttifaqının Azərbaycanda rahat şəkildə qrant paylamasına mane olmasından da şikayətlənirlər. Lakinəslində bütün vətəndaş cəmiyyətinin dəstəklənməsi üçün ayrılan bu qrantların illər boyunca yalnız çox məhdud çevrədən olan “etibar edilən şəxslər” tərəfindən alınması faktı onları qətiyyən maraqlandırmır.

Bu korrupsiya mexanizmi vasitəsilə on milyonlarla avro dövriyyə edib ki, onların da əksəriyyəti sonradan harasa yoxa çıxırdı. Qrant alan “seçilmiş” adamlar qanunvericiliyin tələblərinə məhəl qoymurdular və onların fəaliyyətində xeyli sayda qanun pozuntularının aşkarlanması, həmçinin şəffaflığın olmaması hüquq mühafizə orqanlarında əsaslandırılmış iddiaların yaranmasına səbəb olub.

Təbii ki, məsələnin bu tərəfi də qətnamədə əksini tapmayıb. Bunun əvəzində qətnamədə Leyla Yunusun “vəziyyətinin pisləşməsi” və “siyasi partiyaların məhkum edilmiş rəhbərləri” yer alıb. Hərçənd, sənəddə adı çəkilən avropalı həkimlər vurğulayırlar ki, Leyla Yunusun vəziyyəti sabitdir. Mifik məhkum olunmuş siyasi partiya rəhbərlərinin adlarını çəkməyi isə qətnamə layihəsinin müəllifləri yenə də unudublar.

Qətnamənin bəzi bəndləri isə ermənipərəst mövqenin açıq nümayişinin və ikiüzlülüyün zirvəsidir – həmin bəndlərdə Avropa Parlamenti Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinin bütün qərarlarının, o cümlədən 2015-ci il 16 iyun tarixli qərarının icrasını tələb edir, həmçinin təəssüfləndiyini bildirir ki, Azərbaycan hökuməti “Ermənistanla Azərbaycan arasında düşmənçiliyin aradan qaldırılması baxımından son dərəcə vacib olan, iki ölkənin vətəndaş cəmiyyətinin qrupları, ziyalılar və gənc fəallar arasında təmaslara maneəçilik törədir”.

Qətnamə müəllifləri qəsdən Avropa Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qətnaməsinin “Sarkisyan Azərbaycana qarşı” işi üzrə qərar olduğunu göstərməyiblər! Bizim ölkəmizdən Ermənistan vətəndaşının lehinə qəbul edilən qərarın yerinə yetirilməsini tələb edirlər.Lakin heç kim Ermənistandan Avropa Məhkəməsinin elə həmin gün – iyunun 16-da Çıraqov və bizim digər vətəndaşlarımızla bağlı verdiyi qərarı yerinə yetirməyi tələb etmir.

Avropa Parlamentinin deputatlarını heç bu da hiddətləndirmir ki, qərarlarına böyük əhəmiyyət verdikləri Avropa Məhkəməsi ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, həmçinin qətlə yetirilən Həsən Həsənovun qohumları adından bu ilin yanvar ayından verilmiş şikayətləri icraatına qəbul etmir.

Vəziyyət o yerə gəlib çatıb ki, erməni əsilli italyan deputat Laura Acea öz çıxışında nəinki Azərbaycanı “demokratiyanın bütün formaları ilə mübarizə aparmaqda”, hətta “qonşu Ermənistan və Dağlıq Qarabağı daim atəşə tutmaqda” ittiham etdi.

Belə iyrənc manipulyasiyalar nəticəsində 20 ildən çox müddətdə təcavüzdən əziyyət çəkən Azərbaycanın özü təcavüzkar kimi göstərilir, atdığı addımlar nəticəsində bir milyon insanın qaçqın və köçkünə çevrilməsinə səbəb olan Ermənistan isə günahsız qurban kimi qələmə verilir.

Erməni lobbisi Laura Acea və qətnamənin digər təşəbbüskarlarının vasitəsilə Avropa ictimaiyyətinin şüurunda Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin əsassızlığı haqqında fikri gücləndirməyə çalışır. Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması tezisini ortaya atan bu insanlar Ermənistanın Dağlıq Qarabağ və Azərbaycana məxsus digər rayonların işğalının nəticələrini də təsdiq etməyə çalışırlar. Bizim isə hər bir dövlətin hüququ olan işğal edilmiş torpaqlarını güc yolu ilə azad etmək üçün ədalətli hüququmuzu tanımaq istəmirlər. Bax, ermənipərəst qüvvələrin və milli maraqlara xəyanət edən şəxslərin birgə məqsədləri bu qədər uzağa gedir!

Hərçənd, bu cür çirkli metodlar heç kimi təəcübləndirmir. Demokratiya və insan hüquqlarını öz mövqeyinin yeridilməsi alətinə çevirən bu cür münasibət Avropada humanitar böhrana səbəb oldu. Məhz “humanitar bombalamalar”, xaos, dağıntılar, kütləvi qətllər yolu ilə demokratiyanı yaymaq istəyi yüz minlərlə qaçqını dağıdılmış evlərini tərk etməyə və insan hüquqları müdafiəçilərinin onlara qarşı əsl soyqırımı təşkil etdiyi “demokratiya beşiyi”ndə sığınacaqlar axtarmağa vadar edib.

Bu arada, insan haqlarının pozulması arqumenti belə yalançı demokratların əllərində seçmə üsulu ilə işlədilən bir silaha çevrilir. Çətin ki, biz Avropa Parlamentinin sessiyasında nə vaxtsa ABŞ-da polis özbaşınalığının və irqçiliyin qınanması və ya amerikalı jurnalistlər Elison Parker və Adam Uordun “siyasi motivli” qətlləri ilə əlaqədar sanksiyaların tətbiq olunmasına dair çağırışları eşidək.

Qətnamə müəlliflərinin verdiyi mesaj aşkar olduğu qədər də absurddur – enerji sektorunda Azərbaycanla əməkdaşlıq qarşılıqlı şəkildə sərfəlidir, lakin onun məmurlarına qarşı sanksiya tətbiq etmək lazımdır, Avropa xarici siyasi xidməti insan haqları sahəsi üzrə Azərbaycanla dialoqu inkişaf etdirməli, lakin qarşıdan gələn parlament seçkilərində müşahidə aparılması ilə bağlı hər hansı bir fəaliyyətdən çəkinməlidir.

Qeyd etmək lazımdır ki, Avropa Parlamentində Aİ və Azərbaycan arasında müəyyən siyasi dairələrin təsirlərindən, ikili standartlardan azad olan əsl dialoqun aparılmasının lehinə səs verən sağlam düşüncəli deputatlar da çıxış ediblər. 200-dən çox deputat qətnamənin əleyhinə səs verib, 70-dən çoxu isə məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Təəssüflər olsun ki, bu səslərin sayı Avropa Parlamentində siyasi praqmatizm və konstruktiv yanaşmanın üstün gəlməsinə kifayət etmədi.

Qətnamə müəllifləri sonda ən yaxın zamanda insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərlə bağlı dialoqun həyata keçirilməsi üçün Azərbaycana parlament nümayəndə heyətinin göndərilməsinin vacibliyini arsız şəkildə xatırladıblar. Ötən günkü siyasi idiotizmin, habelə qərəzli anti-Azərbaycan və ermənipərəst mövqeyin aşkar nümayişi nəzərə alınsa, nəinki Avropa Parlamentinin nümayəndə heyətini Dağlıq Qarabağ probleminin həlli prosesinə yaxın buraxmaq olmaz, hətta ölkəmizin Şərq Tərəfdaşlığı və Avronest Parlament Assambleyasında iştirakının məqsədəuyğunluğu haqqında məsələni müzakirəyə çıxarmaq lazımdır.

Göstərilən hər hansı bir təzyiqə baxmayaraq bizim ölkəmiz Azərbaycan xalqının hərtərəfli inkişafı və müdafiəsinə istiqamətlənən müstəqil xarici və daxili siyasət yürüdür və bundan sonra da yürüdəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri