Bakıda təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə reyd keçirilib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə reydlər keçiriblər.

Bu barədə APA-ya məlumat verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, reydlər zamanı qaydaları pozan sürücülərin barəsində tədbir görülüb: “Mən yeddi nəfər əməkdaşımızla birlikdə Bakının Səbail rayonu ərazisində saat 08:45-dən 09:20-yə kimi olan müddətdə reyd apardıq. Bu müddət ərzində 119 nəfər sürücü dayanma-durma qaydalarını pozduğu üçün onların barəsində protokol tərtib etdik”.

V. Əsədov reyd zamanı maraqlı faktlarla qarşılaşdıqlarını da bildirib: “Sürücülərdən yolun hərəkət hissəsində avtomobili saxlayıb yatanlar var idi. Bu cür beş fakt aşkar olundu. Həmin şəxslərin barələrində tərəfimizdən tədbir görüldü. Soruşduqda məktəbə uşaq gətirdiklərini deyirlər. Axı bu nə dərəcədə düzgündür? Buna da yol polisi lazımdır ki təbliğat aparsın? Bu cür hərəkətlərə yol vermək olmaz”.

V. Əsədov ötən il sentyabrın 15-də keçirilən reydlərlə müqayisədə bu il qayda pozanların az olduğunu da bildirib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri