Şəki, Qax və Zaqatalaya dolu düşüb, təsərrüfatlara ciddi ziyan dəyib
- 16.09.2015, 10:45,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gecə Azərbaycanın şimal-qərb bölgəsində güclü leysan və dolu yağıb.
APA-nın məlumatına görə, avqustun 15-dən 16-a keçən gecə bölgədə qeyri-sabit hava şəraiti hökm sürüb, Şəki, Qax və Zaqatala rayonlarında güclü külək əsib, qısamüddətli leysan və dolu müşahidə olunub.
Zaqatala rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Gözbarax, Çobankol, Mamrux və bir sıra yaşayış məntəqələrinə dolu düşüb. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyib. Güclü külək nəticəsində rayonun bir sıra kəndlərində ağaclar qırılıb. Nəticədə bir sıra yaşayış məntəqələrində elektrik verilişində fasilə yaranıb.
Qax rayon sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, güclü külək nəticəsində Qax-Qorağan və Qax-Tasmalı avtomobil yollarının kənarında 50-dən çox ağac aşıb. Nəticədə Qaxın bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb.
Şəki şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, güclü külək nəticəsində rayonun bir sıra ərazilərində ağacların aşması nəticəsində elektrik xətləri qırılıb, bir neçə evin dam örtüyü külək aparıb. Şəhər ərazisinə düşən yağış nəticəsində yaşayış evlərinin zirzəmisini su basıb. Rayonun Baş Kəldək və bir neçə kəndinə qısa müddətli dolu düşüb və nəticədə təsərrüfatlara ziyan dəyib.
Hazırda hər üç rayonun Fövqəladə Hallar Komissiyasının üzvləri rayonlara dəymiş ziyanın miqdarını hesablayır və baş vermiş fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.