Üzeyir Hacıbəylinin xatirəsi ABŞ Konqresində ilk dəfə anılıb

Konqresinin Nümayəndələr Palatasının 17 sentyabr tarixli plenar iclasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, bu münasibətlə ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Gosar çıxış edib.

Çıxışın nüsxəsi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.

Çıxışının əvvəlində 18 sentyabr tarixinin “Üzeyir Hacıbəyli Günü” kimi tanındığını bildirən konqresmen, ölməz bəstəkarın Azərbaycan klassik musiqi sənətinin, o cümlədən tarixi-mədəni irsinin formalaşmasındakı rolundan danışıb.

O, Ü. Hacıbəylinin həyat və yaradıcılığı, o cümlədən müsəlman dünyasında ilk opera və operettanın banisi olması haqqında məlumat verərək, dahi bəstəkarın ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığını qeyd edib.

Konqresmen vurğulayıb ki, Ü. Hacıbəylinin yaradıcılığı sadəcə musiqi sahəsi ilə məhdudlaşmır, tarixi cəhətdən də böyük önəm kəsb edir. Konqresmen bildirib ki, savadsızlığın aradan qaldırılması və maarifçilik uğrunda mübarizə aparan Ü. Hacıbəylinin nəinki musiqiçi, həmçinin müəllim və jurnalist kimi apardığı fəaliyyət Azərbaycan sərhədlərini də aşan yeni mədəniyyət hərəkatının yaranmasına təkan vermişdi.

P. Gosar Ü. Hacıbəylinin Azərbaycan Demokratik Respublikasının tarixində oynadığı mühüm rol və Azərbaycanın ilk himnini bəstələməsi barədə də məlumat verib.

Sonda konqresmen Ü. Hacıbəylinin Azərbaycan və dünya musiqi mədəniyyətinə verdiyi dəyərli töhfələrə görə dahi bəstəkarı bu gün anmaqdan şərəf duyduğunu bildirib.

Qeyd edək ki, bu, Ü. Hacıbəylinin xatirəsinin ABŞ Konqresində anılması ilə bağlı ilk hadisədir.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri