Həbs edilmiş Komi rəhbərindən milyonlarla dollar dəyərində saat kolleksiyası götürülüb
- 20.09.2015, 00:27,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün həbs edilmiş Komi rəhbəri Vyaçeslav Qayzerin iş otağında keçirilən axtarış zamanı içərisində böyük məbləğdə pulların, bahalı saat kolleksiyasının, bir neçə ofşor şirkətin sahibliyinə dair sənədlərin, habelə “Bombardier Learjet” və “Hawker 800XP” tipli təyyarələrin əldə olunmasına dair layihələrin olduğu seyf götürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu faktlar Rusiya İstintaq Komitəsinin əməliyyat videoyazısında əks edilib.
Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi bundan əvvəl Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer, onun müavini Aleksey Çernov, həmçinin nüfuzlu sahibkarlar Aleksey Zarubin və Valeri Veselovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunu zərərsizləşdirib.
Məlumata görə, aşkarlanmış kolleksiyasındakı saatların hər birinin qiyməti təxminən 1 mln dollar təşkil edir.
Bundan başqa, əməliyyat video çəkilişə əsasən, axtarış zamanı həmçinin Kipr Respublikasının Vergi Xidməti tərəfindən 2013-cü ilin yanvarında verilmiş vergi sertifikatı aşkarlanıb. Sənədə əsasən, Kiprin vergi rezidenti olan “Greettonbay Trading Ltd” şirkəti 2007-ci il tarixli Rusiya-Kipr konvensiyasına uyğun olaraq adada vergitutmaya cəlb olunmalıdır. Müstəntiqlər həmçinin 2004-cü ildə Seyşel adalarında qeydiyyatdan keçmiş “Afina Management Ltd.” şirkətinin hüquqi statusunu təsdiqləyən şəhadətnamə aşkarlayıblar.
Qeyd edək ki, İstintaq Komitəsinin yaydığı məlumata əsasən, Vyaçeslav Qayzer, Aleksey Çernov, Aleksey Zarubin və Valeri Veselovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun məqsədi cinayət yolu ilə dövlət əmlakının mənimsəməsinə yönəlmiş ağır cinayətlər törətmək olub.
Məlumata əsasən, istintaqın müəyyən etdiyi cinayətlər miqyaslılığı ilə seçilərək regionlararası və beynəlxalq xarakter daşıyıb. Hazırda cinayətkar qrupun 19 rəhbər və iştirakçısı müəyyənləşdirilib.
Xatırladaq ki, bu ilin martında Saxalin qubernatoru Aleksandr Xoroşilin həbs edilib. Axtarış zamanı ondan müxtəlif valyutada olan 1 mlrd rubladək pul və 36 mln rubl dəyərində qələm daxil olmaqla 800 bahalı zinət əşyası aşkarlanaraq götürülüb.