YARAT! “2013 Beynəlxalq Venesiya Biennalesi”ndə iştirak edib

YARAT! “2013 Beynəlxalq Venesiya Biennalesi”ndə iştirak edib Mayın 30-da Venesiyada, Tesa 111, Arsenale Nord ünvanında yerləşən pavilyonda Aida Mahmudovanın rəhbərlik etdiyi "YARAT!" Müasir İncəsənət Məkanının "Sevir - Sevmir" adlı sərgisinin təntənəli açılışı olub. Bu barədə Trend Life xəbər verir.

"YARAT!" Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan incəsənətinin ölkəmizdə və xaricdə olan etibarlı platformasıdır və ilk dəfə idi ki, bu təşkilat "2013 Beynəlxalq Venesiya Biennalesi"ndə iştirak edirdi.

Azərbaycanın birinci xanımı, "Heydər Əliyev Fondunun" prezidenti Mehriban Əliyeva, "Heydər Əliyev Fondunun" vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS" Yaradıcı səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, "YARAT!" Müasir İncəsənət Məkanının qurucusu Aida Mahmudova, görkəmli ictimai xadimlər, tanınmış incəsənət və mədəniyyət xadimləri, diplomatik missiya nümayəndələri də sərgini ziyarət edənlərin siyahısında idilər.

Sərginin qonaqları arasında "Tate Modern" qalereyasının direktoru cənab Kris Derkonu, "Lisson" qalereyasının yaradıcısı Nikolas Loqsdeyli, Londonda yerləşən "Blain/Southern Gallery" qalereyasının rəhbərləri Harri Bleyn və Qraham Souzerni, "Art Dubai" qalereyasının direktoru Antonia Karveri və "Tate Modern" qalereyasının kuratoru Culyet Binqhamı da görmək olardı.

"Sevir - Sevmir" adlanan, ölçüsünə görə misli görünməyən sərgi özündə Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstandan olmaqla 17 müasir rəssamın işini toplayıb. Onun iştirakçıları və müəllifləri qismində Faiq Əhməd, Rəşad Ələkbərov, Əfruz Amiqi, Kutluq Ataman, Şoja Azari, Rəşad Babayev, Mahmud Baxşi, Əli Banisadr, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova, Taus Maxaçeva, Fərhad Moşiri, Fərid Rəsulov, "Slavyanlar və Tatarlar" art-kollektivi və Aliko Zautoşvili olmuşdur. Sərginin adı "Slavyanlar və Tatarların" işlərindən biri olan "Love me Love me not" (Sevir - Sevmir) adından götürülmüşdür, bu isə öz növbəsində köhnə uşaq məsəlidir. Rəssamların əslən olduqları ölkələr, birlikdə yaxud ayrılıqda bir çox şeylərdən keçmişlər: müstəqillik əldə edilməsi, tarixi hadisələrə yeni baxış, iqtisadi bərpa və milli mənsubiyyət krizisi. Bütöv xalqlar milli ideyanı əldə etmək uğrunda çalışır, qanunlar və adətlər dəyişilir, şəhərlər köhnə adlarını itirirdilər. Müsbət və mənfi dəyişikliklər elə tezlikdə baş verirdi ki, sanki kimsə çobanyastığı gülünün ləçəklərini qopardır, ürəyində isə deyirdi: "Sevir - Sevmir".

Sərgidə hər bir iştirakçı ölkənin inkişaf dinamikası göstərilmiş, həmçinin tarixin az tanınan yaxud unudulmuş aspektləri işıqlandırılmış, həm də sərgiyə gələnlərə xalqların və ölkələrin keçdiyi təkamül barəsində tanışlıq verilmişdir. Sərgiyə aşağıdakı müəlliflər və onların işləri daxil idi:

Aida Mahmuova (Azərbaycan) Sent-Martin London İncəsənət Kollecinin məzunudur və "YARAT! " Müasir İncəsənət Məkanının qurucusudur. Onun biennaledə təqdim etdiyi iş "Recyced" (yenidən işləmək), vaxtikən Bakı evlərinin pəncərələrini bəzəyən dəmir barmaqlıqların əsasında hazırlanan şəbəkəli instalyasiyadır. Rəssam onlara yeni həyat verir və bununla nostalji mövzuya toxunmuş olur. Çox vaxt nostalji hiss konkret bir yer üçün darıxmaqdan da artıq bir şeydir. Əksər hallarda belə anda duyulan kədər şüuraltı olaraq müəyyən ətir, səs və duyğularla bağlıdır. Müəllif sanki hiss edilməyən və qeyri-müəyyən bir şeyə müəyyən forma verməyə çalışır. İnformasiya texnologiyası dövrü üçün "Recycled" instalyasiyası insan qəlbinin və yaddaşının qəribə xüsusiyyətləri haqqında olan düşüncə formasıdır.

Əfruz Amiqi (İran)
Gənc rəssam, Nyu-Yorkda yaşayır, şərq nağıl və əfsanələrindən ilhamlanıb. Onun işi böyük Ruminin danışdığı, iki xalq ( çin və yunan) arasında olan yarışma haqqında olan mifin əsasında yaranmışdır. Çin və yunan rəssamlarını divarüstü incəsənətdə yarışmağa məcbur edən sultan, sonda məcburən hər iki tərəfi qalib elan etmişdir. Rəqiblər biri-birindən gizlin çalışırdılar, amma çinli rəssamın yaratdığı əsərin gözəlliyi və virtuozluğu yunanların qurduqları hamar cilalanmış divarın əksində daha parlaq görsənirdi.
Əfruz Amiqi tərəfindən xüsusi olaraq Venesiya Biennalesi üçün hazırlanmış instalyasiyada uyğunsuzluq uyğunlaşdırılaraq, regionun mürəkkəbliyi və ikimənalı görüntüsü əks edilmişdir. Tam olaraq əl işi olan əsər, qaçqınlar üçün çadırların tikildiyi materialdan hazırlanmışdı, üzərindəki incə naxışlar isə eyni zamanda ispan bağını, həm də şərq ornamentinin xatırladırdı.

Əli Banisadr (İran)
"Fravaşi" adlanan işində Əli Banisadr hadisələr üzərində insan iradəsinin qələbəsi mövzusuna müraciət etmişdi. On iki yaşı olanda o, doğma Tehran şəhərindən Nyu-York şəhərinə köçməyə məcbur olmuşdur. İran-İraq müharibəsi rəssamın yaradıcılığında öz izini qoymuşdur. Onun diptixi zərdüştlik fəlsəfəsinə görə insanı bədbəxt hadisələrdən, səhvlərdən və günahlardan qoruyan, dünyanı fırlanmağa məcbur edən fövqal qüvvənin - "Fravişinin" müasir izahıdır. Zərdüştlükdən sonra gələn İslam dininə baxmayaraq, qədim dinin bəzi xüsusiyyətləri hələ də Azərbaycan və İran mədəniyyətində yaşamaqdadır. Əsər özünə və həyat çətinliklərinə qalib gələn insanlara həsr edilmişdir.

Rəssam, musiqiçi, kinematoqrof Əli Həsənov (Azərbaycan) eyni zamanda müxtəlif istiqamətlərdə və janrlarda çalışır. Sərgidə rəssam "Sahiblər" adlanan, saysız-hesabsız ev süpürgələrindən ibarət instalyasiya ilə təmsil edilmişdi. Süpürgə kimi çox sadə bir əşya rəssamın gözündə böyük çəkiyə malik ola bilər. Süpürgə - fiziki əməyin və səyin ifadəsidir. Süpürgə - səliqə salmaq üçün vasitə, xaosa və çirkə qarşı mübarizə silahıdır. Rəssamın fikrincə indiki dövrdə insanlar süpürgələri kənara qoyaraq vaxtlarını laqqırtıya və uzunuzadı müzakirələrə sərf edirlər. Qlobal kateqoriyalarla mühakimə edərkən biz bir şeyi unuduruq: normal fəaliyyət göstərən cəmiyyət orada ola bilər ki, harada hər kəs vicdanla öz işini görmüş olsun. Yeni "multi-mədəni" cəmiyyətdə süpürgə həm də özünü seçilmiş sayan bəzi xalqların etnik "zibillərdən" (həmin xalqlardan asılı vəziyyətə düşən digər xalq və millətlər) aldıqları qisasın parodiyasıdır.

İliko Zoutoşvili (Gürcüstan)
Rəssamın yaradıcı fəaliyyət dövrü vətənində baş verən sosial və siyasi qarışıqlıq dövrü ilə üst-üstə düşmüşdür. İqtisadi qeyri-stabil vəziyyət və sabahkı günə inamın olmaması insanları maddi problemlərə qarşı mübarizəyə bütün güc və fikirlərini sərf etməyə sövq edirdi. "Vaxt vaxtla itir" instalyasiyası ilə o, insanları maddi rifahın arxasınca qaçmamağa və bizi əhatə edən dünyanı dərk etməyə çağırır. Ekranda daima iki obraz görünür: üzünü səs-küylü şəhərə tərəf tutmuş insan və vaxtın sürətlə getdiyini simvolizə edən çay. Səliqəsiz formada yerə atılmış yastıqlar isə ayaq saxlayıb sakitlikdən həzz almağa dəvət edir.

Kutluq Ataman (Türkiyə) "Sütun" adlanan instalyasiyanı təqdim etmişdir, hansı ki, "Mesopotamiya dramaturgiyası" adlı silsiləvi işin davamıdır. Bu sütundakı daşları 42 ədəd televizor monitoru əvəz edir. Hər bir ekranda Anadolu regionunun sakinlərinin simaları göstərilir. Qadınlar və kişilər, qocalar və uşaqlar, yorğun və kədərli halda susaraq sizə baxırlar. Rəssam bu işi ilə, öz ölkəsinin və xalqının taleyində iştirak etmək hüququndan məhrum edilmiş insanlara səs hüququnun verilməsini tələb edir.

Mahmud Baxşi (İran)
"Millətin anası" adlı instalyasiya insanları qurban vermək üçün olan maya piramidalarını xatırladan əzəmətli bir qurğudur. Diqqətlə baxanda görürsən ki, piramidanın zirvəsindən dayanmadan neft axır, "qara qızıl" eyni zamanda ölkəni yedizdirir, onu maddi rifaha doğru aparır və bizi də özünə əsir edir.

Orxan Hüseynov (Azərbaycan) sərgidə "Brüs Layın Həyatı" adlı nostalji filmlə iştirak edir. Film Brüs Linin bir az solğun oxşarı olan, Honq-Konqlu aktyor-imitator Brüs Lay haqqında rəssamın dostlarının verdikləri qısa müsahibələr silsiləsindən ibrarətdir. Sovet İttifaqında 80-ci illərdə böyüyən yeniyetmələr yalanın qurbanı olmuşdurlar, çünki çox vaxt saxta birisini orijinal kimi qəbul edirdilər. Həqiqəti bildikdən sonra onlar oxşar aktyorların mövcudluğu haqqında ən absurd izahlar uydururdular.

Rəşad Ələkbərov (Azərbaycan) "Lost in translation...this is too shall pass" adlı instalyasiya təqdim etmişdir, hansı ki, post-sovet məkanı ölkələrinin necə mürəkkəb dil irsinə sahib olması haqqındadır. Azərbaycan əlifbası son 70 il ərzində 3 dəfə dəyişdirilib, bu isə təkrar olaraq öyrənmək məcburiyyətində qalan insanların özünü anlamasında iz qoymaya bilməzdi. Rəssam işıq və kölgə ilə etdiyi virtuoz işləri ilə tanınır. Pleksiqlasdan olan bu instalyasiyaya işıq və kölgə oyunu xüsusi gözəllik verir.

Rəşad Babayev (Azərbaycan) "YARAT!"ın pavilyonu üçün xüsusi olaraq "Arzular Ağacı" adlı instalyasiyanı hazırlamışdır. Ənənəvi olaraq Azərbaycanda və hətta onun hüdudlarından kənarda insanlar ağacın budaqlarında parça kəsikləri yaxud rəngli lentlər bağlayaraq ümid edirlər ki, arzuları həyata keçəcək. Əsrlərlə mövcud olan "arzuların maddiləşdirilməsi" ayini zaman keçdikcə toxunulmaz qalmışdır, sadəcə insanlar üçün dəyər şkalasında müəyyən dəyişikliklər baş vermişdi. İndiki kütləvi istehlak zəmanəsində insanlar "Arzular Ağacının" yanına gələrək lüks təmirli ev, bahalı avtomobil və dizayner geyimləri haqqında xəyallar qurur. Rəssam bugünün "bizi" haqqında danışır. Onun əncir ağacı canlı və təsirlidir, ağac bahalı parçalara bürünmüş və budaqlarından brend geyimlərin doğranmış hissə və parçaları asılmışdır.

Gənc fotoqraf-rəssam Sitarə İbrahimova (Azərbaycan) artıq özünün "Qarabağda İtənlər" adlanan silsilə işlərinə görə peşəkarların yüksək qiymətinə layiq görülmüşdür. Bu dəfə o video və foto materiallardan ibrarət iş tərtib etmiş və onu "The Edge" adı altında təqdim etmişdir. Ağdamda və Azərbaycan-Ermənistan sərhədində yerləşən digər rayonlarda çəkilən şəkillərdə həyatın təsirli və kədərli anları göstərilmişdir - itgin düşənlərin simaları, itən əşyalar, toy mərasimləri və süfrə arxası mənzərə.

"Slavyanlar və Tatarlar" (Rusiya) art-qrupu "Molla Nəsrəddin - Antimodernist" adlanan istehza dolu işləri ilə biennaledə iştirak edirdilər. Müəlliflərin dediklərinə görə heykəltəraşlıq kompozisiyasının (eşşək üzərində tərs oturan Molla Nəsrəddin) hazırlanmasında yaradıcı təkan, 20-ci əsrin əvvəllərində Azərbaycanda Cəlil Məmmədquluzadənin rəhbərliyi altında çap edilən əfsanəvi "Molla Nəsrəddin" jurnalının oxunması olmuşdur. Jurnal ruhaniləri məsxərəyə qoyur, avamlıq və ikiüzlülüyə qarşı mubarizə aparırdı, ziyalı təbəqənin nöqteyi-nəzəri hesab edilirdi. Eşşək üzərində oturan Molla Nəsrəddin aramla, amma inamla gələcəyə doğru gedirdi. Amma indiki dövrün rəssamları seçilmiş istiqamətin düzgün olub olmamasına əmin deyillər. Nəyə üstünlük verməli - qərb dəyərləri yoxsa köhnə dövrlərə qayıdış? Artıq heç nəyə elə-belə inanmırlar.

Taus Maxaçeva (Rusiya) "Hamsutl" adlanan və Dağıstanda, dağlarda yerləşən eyni adlı kəndə həsr olunan ,16 dəqiqəlik film çəkmişdir. Nə vaxtsa alınmaz qala olan, Fars və Rusiya imperiyasının mübarizə apardığı yer olan Hamsutl indi bomboşdur. Onun qalıqları getdikcə dağ landşaftına qatışır. Filmin müəllifi qəhrəman kimi bir rəqqası seçmişdir, hansı ki, tam sakitlikdə rəqs edərək, yalnız bədən plastikasının köməyi ilə kəndin tarixində dönüş yaradan anlardan danışır. Gənc rəqqas işğalçı-döyüşçü obrazında, dinc sakin obrazında və digər obrazlarda canlandırılır. Taus Maxaçeva hal-hazırda London Kral İncəsənət Akademiyasında magistr pilləsində təhsil alır, birinci ixtisası isə xoreoqrafdır.

Fərhad Moşiri (İran) əl işi olan 550 şərq xalçasında ibarət iri həcimli instalyasiya yaratmışdır. Onun əsəri "Kiosk de Curiosite" adlanır. Bu əsərlə rəssam informasiya axını ilə bol dünyanın ifrat məlumat şəbəkəsinə fikrini bildirmiş olur. Televiziya, mətbuat və internet gündəlik olaraq bizə siyasət, iqtisadiyyat və dedi-qodular haqqında məlumat çatdırır, amma hər dəfə biz həqiqətin bir hissəsini, yaxud da onun surroqat formasını əldə etmiş oluruq. Nöqteyi-nəzərimizi özümüz seçirik, yoxsa mətbuat bizə hətta olmadığımız ölkələr haqqında məlumatlar sırıyır? Hər xalçanın üzərində məşhur nəşriyyatların üz qabıqları təsvir edilmişdir. Bəziləri senzuranın əli ilə parça-parça edilmişdir. İran İslam Respublikasında yaşayan müəllif üçün bu acı həqiqətdir. Müəllif özü etiraf edir ki, qəzet köşklərinə ehtiyacı var, hər dəfə özü ilə həqiqətin bir hissəsini əldə etmək və özünü canlı hiss etmək istəyir.

Faiq Əhmədin (Azərbaycan) instalyasiyası müasirlik və adətlər arasında möhkəm bağlılığı meydana çıxarır. Rəssam stereotipləri sındıraraq Azərbaycan xalçasının təsvir kanonlarını dağıdır ki, biz öz keçmişimizə ayrı prizmadan baxaq.
Azərbaycanda xalça hələ qədim zamanlardan mədəni irs sayılır. Onun tarixini və məğzini araşdıran rəssam öz yaradığı işləri müasir zaman üçün aktual sayılan yeni mövzularla doldurur. Pavilyonun günbəzinə qədər dartılmış iplər mədniyyətlərin, dillərin, taleylərin və tarixin müəllifin əslən olduğu regionda sıx uzlaşması təəsuratını yaradır.
Artıq ilk dəfə deyil ki, rəssam Azərbaycanı Venesiyada təmsil edir.

Fərid Rəsulov (Azərbaycan) Bakının urbanizasiyası mövzusunu birləşdirən işlər silsiləsi yartmışdır. Onun işlərində Azərbaycan üçün ənənəvi olan şəbəkə beton konstruksiya ilə uzlaşır. Şüşənin zərifliyi sanki beton kubun içərisində batır və maraqlı alyans yaratmış olur. Rəssam əvvəl də Venesiya Biennalesində iştirak etmişdir.

Şoja Azari (İran)
İranlı rəssam və kinematoqrof Nizami Gəncəvinin "Yeddi Gözəl" klassik poeması əsasında "Qara Şah" adlanan 25 dəqiqəlik film təqdim etmişdir. Onun işi nəinki qazanılmış və itirilmiş cənnət barəsində və İslamda olan "səbirlilik" mövzusunda bir hekayədir, bu həmçinin texniki baxımdan unikal bir işdir. Qeyri-adi vizual effekti əldə etmək üçün rəssam minlərlə rəsmdən istifadə etmişdir, hansıların fonunda əsas hadisələr inkişaf edir.

Sərgi 55-ci Beynəlxalq Venesiya Biennalesinin kollateral tədbirlər proqramı çərçivəsində keçirilir və 2013-cü ilin noyabr ayının 24-ə kimi davam edəcəkdir.

Sərginin kuratoru Yaxın Şərq və İran üzrə mütəxəssis, əvvəllər "Kristi" hərrac evi ilə əməkdaşlıq etmiş Dina Nasser-Xadividir.

Layihənin sponsorları "Gilan Holding" və Azərbaycanda meyvə şirələri bazarının lideri "Jalə" şirkətidir.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri