Leonardo Bonuççi: “Azərbaycan yığmasının vurduğu qol sürpriz deyildi”

“Azərbaycanla matçı pis keçirmədiyimizi düşünürəm. Ancaq bu, bizim ən yaxşı oyunumuz deyil”. APA-nın məlumatına görə, bunu İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi deyib.

AVRO-2016-nın seçmə mərhələsində millimiz üzərində Bakıda qazanılan 3:1 hesablı qələbəni dəyərləndirən 28 yaşlı futbolçu İtaliya mətbuatına açıqlamasında bildirib ki, Azərbaycan millisinin vurduğu qol onlar üçün sürpriz olmayıb: “Azərbaycan yığması o qədər zəif komanda deyil ki, vurduğu qola görə təəccüblənəsən. Onların oyununda irəliləyiş var idi. Amma düşünürəm ki, qol buraxmamaq olardı. Müdafiədə buraxdığımız ani boşluq bizə baha başa gəldi. Ancaq qısa zamanda toparlanıb yenidən önə keçdik və böyük komanda olduğumuzu bir daha göstərdik. Əsas odu ki, final mərhələsinə vəsiqənin öhdəsindən gələ bildik”.

“Yuventus”un futbolçusu “Skuadra Adzurra”nın Avropa çempionatında uğur qazanacaq gücdə olduğunu vurğulayıb: “Konte kimi dahi məşqçisi olan komandanın hədəfləri də böyük olmalıdı. Bu qələbələr bizdə özünəinamı daha da artırır. Komandada istedadlı gənclərlə yanaşı, Buffon, Kyellini, Barzaqlı, Pirlo, de Rossi kimi təcrübəli futbolçular var. Fikrimcə, bu heyətə Avropa çempionatında da uğur qazana bilərik”.

Qeyd edək ki, H qrupunda 9 oyundan sonra aktivində 21 xal olan İtaliya yığması Norveçlə son tur öncəsi final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Şərhlər
İdman bölməsinin xəbərləri