Məhərrəm ayı oktyabrın 15-də başlayır, oktyabrın 24-ü Aşuradır
- 13.10.2015, 12:42,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
QMİ Məhərrəm ayı ilə bağlı fətva verib
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.
APA-nın məlumatına görə, fətva bu gün QMİ-də sədr Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə keçən tədbirdə verilib.
Fətvada deyilir: “Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.
Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.
Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Məhərrəm ayının 10-u - Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər.
Dindarlarımız ölkəmizin gün-gündən bölgədə və dünya miqyasında artan nüfuzunu, din-dövlət münasibətlərinin yüksək səviyyəsini Uca Allahın Lütfü kimi dəyərləndirirlər. Onlar bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualarını əsirgəmirlər. Din xadimlərimiz moizələrində dindarları Allaha xoş gedən bu səyləri daha artıq dəyərləndirməyə, Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar