Şəkidəki kurqanda aparılan qanunsuz qazıntı zamanı XVIII-XIX əsrlərə aid qəbirlər məhv edilib

Azərbaycanın Şəki rayonundakı Cəfərabad kurqanında aparılmış qeyri-qanuni qazıntı işlərinin yerində yoxlanılması üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət komissiya yaradılıb və rayona ezam edilib.



Komissiyanın sədri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədov APA-ya bildirib ki, Cəfərabad kurqanının şimal hissəsində ekskavator vasitəsilə təxminən 5 saat müddətinə qazıntılar aparılıb və nəticədə kurqanın təxminən 120 kv.m-ə yaxın 1/4 hissəsi tamamilə dağıdılıb.

Onun sözlərinə görə, daş və çınqıllı torpaqdan ibarət kurqan təpəsinin dağıdılması zamanı XVIII-XIX əsrlərə aid qəbirlər də məhv edilib, onlardan da çıxarılmış insana məxsus sümüklər ətrafa səpələnib: “Kurqan vəhşicəsinə dağıdılıb. Dağıdılmış hissələrdə divar kəsiklərində apardığımız müşahidələr zamanı kurqan kamerasının izləri müşahidə olunmayıb. Ehtimal ki, kamera mərkəzi hissədə yerləşdiyindən dağıntıya məruz qalmayıb. Dağıdılmış hissədə materik təxminən 3 metr dərinliyə kimi qazılıb, qərb və şərq hissələrdə dərin "şurflar" qazılıb. Buradan çıxarılmış əsasən, dağ çınqılından ibarət olan kütlə ətrafda hündürlüyü 2-4 metr olan təpələr əmələ gətirib. Güman edilir ki, "şurf"lar da məhz kameranın müəyyənləşdirilməsi və aşağı hissədən dağıdılaraq talanması məqsədilə qazılıb”.



X. Alməmmədov əlavə edib ki, materikin bu səviyyədə qazılması kurqanın qalan hissəsinin çöküb dağılmasına və nəticədə kurqan kamerasının məhv olmasına səbəb olacaq: “Qazıntı talançılıq məqsədilə qeyri-peşəkar səviyyədə aparılıb”.



Komissiya sədri qeyd edib ki, Şəki şəhər rayon Polis Şöbəsinin rəis müavini Vüqar Xəlilov faktla bağlı cinayət işinin açıldığını və cinayətkarların saxlanılması istiqamətində tədbirlər həyata keçirildiyini bildirib.


X. Alməmmədov onu da qeyd edib ki, böyük dağıntıya məruz qalmış 2 saylı Cəfərabad kurqanında qəbir kamerasının labüd dağıntı və talandan qorunmasının qarşısını almaq və onun elmi cəhətdən öyrənilməsi üçün burada xilasetmə qazıntı işlərinin aparılması vacibdir: “Hazırda orada xilasetmə qazıntılarının aparılmasına böyük ehtiyac var. Arxeoloji qazıntılar aparılmasa kurqanın tamamilə dağılması labüddür. Qeyd edim ki, 20 dekabr 2013-cü ildə kurqanın qərb hissənin kiçik bir ərazisi qızılaxtaranlar tərəfindən ekskavatorla qazılaraq dağıdılıb. O vaxt da qeyri-qanuni qazıntılar Nəsib Muxtarovun müdaxiləsi nəticəsində dayandırılıb və qazılmış ərazi doldurulub”.



Qeyd edək ki, Cəfərabad kurqanında naməlum şəxslər oktyabrın 9-u ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb. Ehtimal edilir ki, kurqanda qanunsuz qazıntı işləri aparan şəxslər qızıl axtarıblar.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri