Səhiyyə Nazirliyi dərmanların qiymətinin endirilməsinin keyfiyyətə təsiri barədə iddialara münasibət bildirib
- 15.10.2015, 17:51,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra qiymətlərin aşağı düşməsinin keyfiyyətə təsir göstərəcəyi ilə bağlı yayılan fikirlər əsassızdır”. Bunu APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
O bildirib ki, qiymətləri tənzimlənən dərman vasitələrinin hamısı dövlət qeydiyyatına alınıb: “Dərman vasitəsi dövlət qeydiyyatına alınan, qeydiyyat prosedurundan keçən zaman müxtəlif ekspertizalardan keçirilir. Yəni onun keyfiyyət parametrləri, təhlükəsizlik parametrləri təsdiqləndikdən sonra dövlət qeydiyyatına alınır. Dərmanın qiymətinin yuxarı və aşağı olması onun keyfiyyətinin yuxarı və aşağı olması demək deyil. Bu səhv fikirdir”.
P. Əzizbəyov qeyd edib ki, bu gün eyni təsiredici maddə üzrə tərkibi eyni olan, müxtəlif ölkələrdə müxtəlif istehsalçılar tərəfindən istehsal olunan və qiymətləri müxtəlif olan dövlət qeydiyyatına alınmış dərman vasitələri var: “Bu o demək deyil ki, hansı dərmanın qiyməti aşağıdırsa, onun keyfiyyəti aşağı, yaxud da dərmanın qiyməti yüksəkdirsə, onun keyfiyyəti yüksəkdir. Keyfiyyətin təminatçısı, əsas parametri dövlət qeydiyyatı, qeydiyyat vəsiqəsidir”.