Nadirlə Ayan yenidən duet oxuyacaq

Müğənni Nadir Qafarzadə yeni yaradıcılıq işlərindən danışıb.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı bildirib ki, sözləri Leyli Səfərovaya, musiqisi Hakan Erola məxsus “Sən xoşbəxt ol” adlı mahnı ifa edib:

“Yaradıcılıq işlərimlə bağlı yeniliklərim boldur. Müğənninin işi mahnı oxumaq və klip çəkdirməkdir. Mən də illərdir ki, bu işi edirəm. Tamaşaçı və ya dinləyicilər bu işlərimizi qiymətləndirmək əvəzinə, bəzən sosial şəbəkədə tənqidi mesajlar da yazırlar. Həmin tənqidi mesajlar yazanlar isə öz cavablarını alırlar. Heç bir neqativ mesaj mənim kefimi korlaya bilməz. Həmin insanlara fikir versəydim, mən bu gün Nadir Qafarzadə olmazdım. Siz danışmağınızda, tənqid etməyinizdə olun. Amma çaşmayın. Mənə qarşı çaşanların aqibəti pis olur”.

N.Qafarzadə onu da əlavə edib ki, müğənni Ayan Babakişiyeva ilə növbəti dəfə duet oxuyacaq:

“Ayanla birgə ifa etdiyimiz “Sənin üçün” mahnısı çox sevildi və deyərdim ki, “Youtube” kanalında yaxşı baxış sayı yığdı. Həmin mahnını 2013-ci ildə oxumağımıza baxmayaraq, hələ də sevilir. Elə bu mahnının sevildikdən sonra növbəti dəfə duet oxumaq qərarına gəldik. Yeni ifa edəcəyimiz bəstə “Xəyanətkar” adlanır. Həmin mahnını bir müddət sonra dinləyicilərin ixtiyarına verəcəyik”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri