Əməliyyat öncəsi Hacı Nurandan duyğusal status
- 21.10.2015, 20:10,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov sabah əməliyyat olunacaq.
ANS-in məlumatına görə, xərçəng xəstəliyinə qarşı Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə Almaniyadaki əməliyyatın vaxtını açıqlayıb.
“Hər bir insan bu həyatda müvəqqətidir. Amma mənə təsəlli verən təkcə bu deyil. Həmişə inanmışam ki, insan əməlləri və xatirələri ilə əbədidir. Xəstə olmağımla nə zəif, nə əzgin, nə yazıq, nə də inamsız görsənmək fikrində deyiləm. Sadəcə, deyəcəyim xəbər odur ki, sağlam həyatın qədrini bilin və ətrafınızdakılarla mehriban olun. Gərəkli olun... Onda heç bir xəstəlik insanı qorxuda bilmir. İslama görə xəstəlik də imtahandır. İnşallah sabah mən yenə bir imtahana gedəcəm - əməliyyat olunacam. Lakin burada qəribəsi odur ki, qiymət yazan məndən heç nə soruşmadan yazacaq. Ölkəmlə fəxr edərək bu imtahana qürurla gedirəm. Təki vətən sağ olsun. Dualarınızı əsirgəməyin. Sizin Hacı Nuran” – deyə statusda yazılıb.
Əvvəl xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcının özü sosial şəbəkədə “Ağır transplantasiya əməliyyatı üçün hazırlıq başladı” yazaraq şəkil paylaşıb. Hacı Nuran heyranlarını üzərək əvvəl bildirmişdi ki, ilik transplantasiyası olunacaq və yenidən Bakıya qayıtmaya bilər. Hətta həkimin əməliyyatdan ayılmaması ilə bağlı kağıza qol çəkdirib.
Limfaqranulematoz xəstəliyindən əziyyət çəkən Nuran Hüseynov Avstriyada, Filippində və Almaniyada müalicə alıb. Xəstəliyin müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Nurana kömək məqsədilə onun dostları və həmkarları dəfələrlə xeyriyyə aksiyaları keçiriblər.
Nuran Hüseynov xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var və 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olub. “Bakı-2015” Birinci Avropa Oyunlarının Ulduz Elçilər komandasının üzvü olub.