Çaqqal və canavarların artan hücumlarında günahkar kimdir? - Nazirlik narazılıq etdi

Azərbaycanda insanların məskunlaşdığı əraziyə yırtıcı heyvanların növbəti hücumu baş verib. Gecə saatlarında bir neçə canavar Saatlı rayonunun Əbilkənd kəndinin sakini Mehman Orucova məxsus tövləyə soxularaq onun 24 baş qoyun-quzusunu parçalayaraq öldürüb, 5-ni yaralayıb, 6-nı isə aparıb. Artıq canavarların parçaladığı heyvanlardan nümunə götürülüb və onlar müayinə edilir, ölmüş heyvanlar isə baytar həkimin nəzarəti altında heyvan sahibi tərəfindən basdırılıb, ərazi dezinfeksiya edilib.

Ölkədə yırtıcı heyvanların heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən hücumu dəfələrlə baş verib. Onlardan yalnız bir neçəsini sadalayaraq qeyd etmək olar ki, təxminən bir il əvvəl Zaqatalanın Aşağı Tala kəndində canavar bir tövləyə soxularaq 5 baş qoyunu parçalamış, Ağdaşın Yenicə kəndində isə çaqqallar kənd sakininə hücum edərək onu yaralamışdı. Bu ilin avqustunda da Zaqatalada şəhər yaxınlığındakı meşə zolağından çıxan çaqqal küçədə sakinlərə hücum edərək 6 nəfərə xəsarət yetirmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə bildirilib ki, adi halda insanların vəhşi təbiətdəki heyvanları ovlaması qadağandır. Belə hala yol verən insanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnə bilərlər. Amma həyat üçün təhlükəli şərait yarandıqda insan özünümüdafiə üçün heyvanı məhv edə bilər.

Nazirlikdən bildirilib ki, vəhşi heyvanların yaşayış ərazilərinə hücum etməsi faktı olduqda və ya bununla bağlı hər hansı təhlükə gözlənildikdə sakinlər ETSN-in ərazi idarələrinə müraciət etməlidirlər. Bunun əsasında da nazirlik həvəskar ovçuları cəlb etməklə yırtıcı heyvanları, o cümlədən canavar və çaqqalları məhv edə bilər: “Lakin çox təəssüf ki, belə müraciətlər nazirliyə daxil olmur. İnsanlar bu məsələdə aktivlik göstərmir, hücumla bağlı məlumatları əsasən KİV-lərə verirlər“.

Qeyd edək ki, vəhşi heyvanlar dişləmə, cırmaqlama yolu ilə, habelə tüpürcək vasitəsilə insanı ölümlə nəticələnən yoluxucu xəstəliyə - quduzluğa da yoxuxdururlar.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, insanda quduzluq xəstəliyinin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə bir ilə müşahidə edilə bilər. Quduzluq xəstəliyinin hidrofobiya və aerofobiya (sudan və havadan qorxma əlamətləri), psixo-nevrotik, udqunma aktının pozulması, hallusinasiya, yüksək hərarət, dişlənmiş yerdə ağrının olması, hipersalivasiya kimi əlamətləri var: “Buna görə də hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəkləmə və ya cırmaqlanma baş veribsə, dərhal həkimə müraciət etmək və antirabik vaksini vaxtında vurdurmaq lazımdır. Quduzluq xəstəliyindən yeganə qorunmaq yolu antirabik vaksinin və immunoqlobulinin vaxtında vurulmasıdır".

Mərkəzdən o da bildirilib ki, ölkədə canavar və çaqqallar tərəfindən insanların dişlənməsi halları üzrə statistik rəqəmlər ayrılıqda qruplaşdırılmır. Bu heyvanlar tərəfindən dişləmələr “digər heyvanlar” adı altında qruplaşdırılır ki, buraya da çaqqal və canavarla yanaşı, meymun, at, eşşək, inək və s. heyvanlar tərəfindən dişləmələr daxil edilir. Bu səbəbdən də neçə nəfərin məhz canavar və çaqqal tərəfindən dişləndiyi məlum deyil. Yalnız bu ilin yanvar-sentyabr ayları ərzində respublikada “digər heyvanlar” tərəfindən 271 dişləmə halı qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Trend-ə bildirib ki, respublikada quduzluq xəstəliyinə görə epizootik vəziyyət tam nəzarətdə saxlanılır və hazırda vəziyyət sabit qiymətləndirilir. Quduzluq xəstəliyini nəzarətdə saxlamaq üçün bu ilin yanvar-sentyabr ayları ərzində 251 235 baş sahibli həyət itində peyvəndləmə tədbiri həyata keçirilib. Bu müddətdə quduzluq xəstəliyini aşkarlamaq üçün 34 nümunənin laboratoriya müayinəsi aparılıb və onların 26-da xəstəlik törədicisi aşkar edilib.

Y.Xanvəli deyib ki, hazırda ölkədə quduzluqla əlaqədar aparılan tədbirlər yalnız sahibli həyət itlərini əhatə etmir. Bu tədbir həm də təbiətdə olan quduzluğa həssas vəhşi və sahibsiz heyvanlar arasında aparılır: “Martın 16-dan başlayaraq ölkəmizdə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında oral peyvəndləmə tədbirinə başlanılıb. Pilot layihə olaraq peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, eləcə də Abşeron yarımadası və Bakıətrafı ərazilərdə aparılıb. Quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər (primanka) meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılıb”.
Şərhlər
Sosial bölməsinin xəbərləri