Azərbaycanın BMT Günü kampaniyasına qoşulması ilə əlaqədar Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib
- 22.10.2015, 23:55,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 24-də BMT-nin 70 illiyi "Dünyanı mavi rəngə boya" qlobal kampaniyası ilə keçiriləcək. Azərbaycan da bu qlobal kampaniyaya qoşulub və oktyabrın 24-də Heydər Əliyev Mərkəzinin binası mavi rəngdə işıqlandırılacaq.
Trend-in məlumatına görə, bununla bağlı bu gün Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib.
Mətbuat konfransını giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri Məhəmməd Abdullayev bildirib ki, bu gün çox əlamətdar bir hadisə - dünyanın nəhəng və nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi ərəfəsindəyik: "Dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, millətlərarası dostluq münasibətlərinin inkişaf etdirilməsi və digər mühüm istiqamətlərdə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əlaqələr və əməkdaşlıq gündən-günə inkişaf edir. Ölkəmiz bu mühüm və mötəbər quruma üzv qəbul edildikdən sonra BMT ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz rolu olub".
M.Abdullayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirərək xarici siyasətdə BMT ilə əlaqələrin inkiaf etdirilməsinə mühüm önəm verir: "BMT-nin müxtəlif qurumları ilə əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondu BMT-nin müxtəlif qurumları ilə elm, təhsil, səhiyyə, ərzaq təhlükəsizliyi və digər istiqamətlərdə birgə əhəmiyyətli layihələr həyata keçirir".
O, qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilməsi qeyd olunan istiqamətlərdə yeni nailiyyətlərin əldə olunmasına öz töhfəsini verəcək: "Bildiyiniz kimi, 24 oktyabr - BMT günü dünyanın bir çox ölkələrində müxtəlif tədbirlərlə qeyd olunur. Bu il BMT-nin yaradılmasının 70 illiyi münasibətilə dünyanın bir çox ölkələrində müxtəlif memarlıq abidələri BMT-nin rəmzi olan mavi rəngdə işıqlandırılacaq. Heydər Əliyev Mərkəzi də bu aksiyaya qoşularaq həmin gün mavi rəngdə işıqlandırılacaq".
M.Abdullayev bildirib ki, Heydər Əliyev Mərkəzinin bu aksiyaya qoşulması Azərbaycanın və bütün azərbaycanlılarının BMT-nin rifah prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirəcək.
Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk Heydər Əliyev Mərkəzində olmasından məmnunluğunu diqqətə çatdırıb: "Mən BMT-nin 70 illik yubileyi münasibətilə bu gün Heydər Əliyev Mərkəzində olmağımdan məmnunam. Yubiley 24 oktyabr tarixində olsa da, biz artıq bu əlamətdar hadisəni bu gündən qeyd etməyə başlamışıq. BMT-nin 70 illiyi bütün dünyada qeyd olunacaq. Biz bu günu Azərbaycanda hökumət və digər tərəfdaşlarla birgə qeyd edəcəyik. Bu, bizim güclü tərəfdaşlığımızın və Azərbaycanın BMT prinsiplərinə sadiqliyinin bariz nümunəsidir".
A.Bruk vurğulayıb ki, BMT-nin builki yubileyinin şüarı budur - "Daha güclü BMT - daha güclü dünya deməkdir": "Bu şüarı bütün region və ölkələrə, o cümlədən Azərbaycana aid etmək lazımdır. Əgər Azərbaycan daha güclü olarsa, özündə daha güclü inklüzivliyi əks etdirərsə, daha güclü BMT və daha güclü dünya da ola bilər".
O, əlavə edib ki, BMT-nin 70 illik yubileyi daha önəmli bir məqamla da yadda qalacaq: "Bu ilin sentyabr ayında BMT-nin "Yeni Dayanıqlı İnkişaf Gündəliyi - 2030" qəbul edilib və Azərbaycan həmin gündəliyi dəstəkləyən 193 BMT ölkəsindən biri olub".
A.Bruk Azərbaycanla BMT arasında mövcud güclü əlaqələrdən də söz açıb. O bildirib ki, BMT ilə Azərbaycan artıq 23 ildən artıqdır əməkdaşlıq edir: "Bu müddət bizim Azərbaycanla əməkdaşlığımızın necə güclü və sıx olmasının bariz nümunəsidir. Biz bundan sonra da Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik və mən əminəm ki, tərəfdaşlıq sənədi, ölkə proqramları əsasında Azərbaycanla əməkdaşlığımız daha da güclənəcək".
A.Bruk bildirib ki, bu il BMT-nin 70 illiyi "Dünyanı mavi rəngə boya" qlobal kampaniyası ilə keçiriləcək və 190-dan çox abidə və bina mavi rəngdə işıqlandırılacaq: "Mən çox məmnunam ki, Azərbaycan da bu qlobal kampaniyaya qoşuldu və Heydər Əliyev Mərkəzinin də binası 24 oktyabrda mavi rəngdə işıqlandırılacaq. Bu bir daha BMT ilə Azərbaycan arasında güclü əməkdaşlığın olduğunu göstərir".