İranda həbs edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov Bakıya qayıdıblar
- 06.06.2013, 15:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran İslam Respublikasında həbs edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Bakıya qayıdıblar.
APA-nın xəbərinə görə, onlar bu gün Tehran-Bakı təyyarəsi ilə Bakıya dönüblər. X. Xalid və Ş. Hüseynov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verməyiblər.
Qeyd edək ki, Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.
Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə iyunun 3-də təhvil veriliblər.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar.
Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.