Prezident İlham Əliyev Sumqayıtda iki zavodun açılışında, bir müəssisənin təməlqoma mərasimində iştirak edib
- 25.10.2015, 15:44,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan pezidenti İlham Əliyev oktyabrın 25-də Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun isə istifadəyə verilməsi mərasimlərinə qatılıb.
APA-nın məlumatına görə, əvvəlcə dövlət başçısı “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışını edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev prezidentə zavodun fəaliyyəti haqqında məlumat verib.
Bildirilib ki, illik istehsal həcmi 6500 ton olan müəssisədə polad və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri hazırlanır.
Prezident İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb.
Sonra dövlət başçısı “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə yaradılan “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur.
SOCAR prezidenti Rövnəq Abdullayev dövlət başçısına görüləcək işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək.
Daha sonra prezident İlham Əliyev “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib.
Dövlət başçısı zavodun kollektivi ilə görüşüb.
Sonra Azərbaycan prezidenti zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb.