Bakıda silahlı şəxs yaşayış evinə basqın edib

Bakıda avtomatlı şəxs yaşayış evinə basqın edib.

Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə paytaxtın Günəşli qəsəbəsi, “D” yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yaşayan Sahibə Mehdiyevanın evinə qapını qıraraq daxil olan avtomatlı şəxs ev sahibəsinin və mənzildə olan digər şəxslərin üstünə silah çəkərək onları ölümlə hədələyib. O, həyat yoldaşının S. Mehdiyevanın mənzilində gizləndiyini, dərhal onunla görüşmək istədiyini, əks təqdirdə hamını güllələyəcəyini bildirib.

Ev sahibəsi dərhal polisə məlumat verib. Polisə məlumat verildiyini görən silahlı şəxs evi tərk edib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, 1964-cü il təvəllüdlü Elçin Sərdarov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, basqına məruz qalan S. Mehdiyeva E. Sərdarov həyat yoldaşı Güləmməd Sərdarovanın xalasıdır. Həyat yoldaşının evi tərk etdiyini görən ər onun xalasının yanına gedəcəyini düşünüb evində qanunsuz saxladığı avtomatı da götürərək G. Sərdarovanı öldürmək üçün S. Mehdiyevanın yaşadığı evə gedib. Lakin E. Sərdarov həyat yoldaşı orda olmadığı üçün niyyətinə gerçəkləşdirə bilməyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri