Murad Arif Röyanın mahnısından danışdı: "Məhkəməyə verəcəm!
- 25.10.2015, 19:08,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən həftənin ən çox müzakirə olunan xəbərlərindən biri müğənnilər Röya Ayxan və Xəyyam Nisanovun birgə ifa etdikləri "Sənə ehtiyacım var" adlı super-hitinin plagiat olması xəbəri idi.
Live.az-ın məlumatına görə, Publika.az məsələyə aydınlıq gətirmək üçün mahnının bəstəkarı Murad Ariflə əlaqə saxlayıb. O, plagiat xəbərini ağ yalan və böhtan adlandırıb.
"Ağ yalandır. Heç 3 not da üst-üstə düşmür. Sadəcə, qərəz və uğurlu insana olan gözügötürməzlikdir. Dəlinin biri "Youtube"a 2 bəstəni dalbadal yapışdırıb ki, mahnımı gözdən salsın. Əslində hər ikisi eyni çahargah ladındadır. Frazalarda yaxınlıq var. Amma plagiat olması üçün azı 7 not birə-bir üst-üstə düşməlidir".
Murad Arif bu kimi yalan xəbər yazan bütün jurnalistlərlə məhkəmədə görüşəcəyini də bildirib: "Artıq vəkil tutub, plagiat sözünü dilinə gətirən hər aparıcı və ya jurnalisti məhkəməyə verməli olacağam. Yəni bu qədərmi çətindir? Bir əl ilə hər iki mahnını pianoda çaldırırsan. Əgər motiv təkrardırsa, bu, plagiatdir. Bunu araşdırmaq ki çətin deyil".
Murad Arif, həmçinin belə yalanların qurbanı olduğunu da əlavə edib.
"Xəyyam Nisanov üçün bəstələdiyim "İstanbul" bəstəsinin 1-ci versiyasını İraklinin "London Parij" mahnısından oğurladığımı dedilər. Guya plagiatdır. Həmin mahnını caz üslubunda aranjman elətdirdim. Plagiat deyən adamlar çaşıb qaldılar. Axı artıq oxşamadı həmin mahnıya. Ayıbdır! Bir dəfə plagiat deyirlər, millət də bunu yadında saxlayır. Sonra da sübut et ki, bu, belə deyil. Kim inanar?"
Qeyd edək ki, "Sənə ehtiyacım var" mahnısının da xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi "Apar məni" bəstəsinin plagiatı olduğu iddia olunurdu.