Lənkəranda kütləvi zəhərlənmənin qarşısı alınıb

Lənkəran şəhərində kütləvi zəhərlənmənin qarşısı alınıb.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 5-də saat 19.00 radələrində Lənkəran şəhərinin Tofiq İsmayılov küçəsinin 21-ci məhəlləsində qeydə alınıb. Kəskin qoxu hiss edən yerli sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumuna müraciət ediblər. Əraziyə Lənkəran Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını ilə şəxsi heyəti, eyni zamanda nazirliyin Lənkəran Regional Mərkəzinin mütəxəssisləri, Mülki-Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub. Onların apardıqları müşahidələrdən sonra məlum olub ki, Lənkəran sakini Aqşin Əliyevə məxsus yarımtikilinin həyətində 2 ədəd diametri 70 sm, uzunluğu 2,5 metr olan dəmir balonlarda sıxılmış qaz halında olan xlor məhlulu var və həmin balonlardan sızma baş verdiyi üçün əraziyə kəskin qaz qoxusu yayılıb.



Ərazi dərhal çəpərlənib və sakinlərə aşkarlanan kimyəvi qazın insan səhhəti üçün təhlükəli olduğu barədə xəbərdarlıq edilib. Eyni zamanda sızmanın qarşısını almaq üçün məhəlləyə 10 tonluq su və kimyəvi dezinfeksiya maşınları gətirilib, sızma baş verən balonların ətrafı su ilə yuyulub. Sıxılmış qaz şəklində olan xlor məhlulunun ətrafa yayılmasını neytrallaşdırmaq məqsədilə Bakıdan FHN-nin Radiasiya-Kimya səyyar laboratoriyası və mütəxəssisləri hadisə yerinə ezam olunub. Müayinələr zamanı balonlarda sızmanın olduğu yer müəyyənləşdirilməklə təhlükənin qarşısı alınıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri