Nazir: "İcbari tibbi sığorta sisteminin tətbiqi üçün hər hansı maneə yoxdur"

Nazir: "İcbari tibbi sığorta sisteminin tətbiqi üçün hər hansı maneə yoxdur" "İcbari tibbi sığorta sisteminin tətbiqi prosesinin əməli başlanmasına start verilir və güman edirəm ki, müəyyən hazırlıq işləri görüləndən sonra icbari sığorta sistemi Azərbaycanda tam tətbiq olunacaq".

Bunu APA-ya maliyyə naziri Samir Şərifov bildirib.

"Prezident İlham Əliyev tərəfindən imzalanmış sənəd çox böyük əhəmiyyətə malikdir. İlk növbədə icbari tibbi sığorta sisteminin Azərbaycanda fəaliyyətə başlaması səhiyyə sahəsində aparılan islahatların növbəti addımı kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi, bununla bağlı müvafiq qanunvericilik mövcud idi. Artıq bu prosesin əməli başlanmasına start verilir və güman edirəm ki, müəyyən hazırlıq işləri görüləndən sonra icbari sığorta sistemi Azərbaycanda tam tətbiq olunacaq", - deyə S. Şərifov qeyd edib.

Nazir əlavə edib ki, Azərbaycanda icbari tibbi sığorta sistemin tətbiqi ilə bağlı mexanizmlər artıq mövcuddur: "Prinsip etibarilə, vaxtilə cənab prezident tərəfindən təsdiq olunmuş əsasnaməyə görə, əsas prinsiplər burada öz əksini tapıb. Sonradan isə baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə yaradılmış işçi qrup tərəfindən bəzi dəyişikliklər edilib. Söhbət bazar şəraitinə uyğunlaşdırılan bəzi düzəlişlərdən gedir. Hesab edirəm ki, indi bu sistemin tətbiqi üçün hər hansı bir maneə yoxdur. Artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri də təyin olunub. Beləliklə, artıq bu işlərə başlanıla bilər".
Şərhlər
Sosial bölməsinin xəbərləri