Vergidən yayınan sahibkar Rusiyada tutularaq Azərbaycana gətirilib

Azərbaycanda vergidən yayınan sahibkar həbs edilib.


Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirlik yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Ramik Adil oğlu Məmmədov «Şəmkir» MMC-nin direktoru vəzifəsində işləyərkən 2004-cü il noyabrın 1-dən 2007-ci il mayın 1-dək dövr üzrə Vergi Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq vergi ödəyicisi kimi qeydiyyatda olduğu Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib, 28 062 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırıb.


İş üzrə şahid qismində dindirilmiş bir sıra müəssisələrin vəzifəli şəxsləri sənədlərdə göstərilən mal-materialları R.Məmmədovdan aldıqlarını və pulu, ƏDV daxil olmaqla həmin müəssisənin bank hesablarına ödədiklərini göstəriblər. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, «Şəmkir» MMC-nin sənədlərindəki imzaların R.Məmmədova məxsus olduğu dəqiqləşdirilib.


Fakt üzrə Departamentdə 2008-ci il martın 19-da Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) cinayət işi başlanılıb. Cinayət işi dəlillərlə sübuta yetirildiyindən həmin hərəkətlərinə görə R.A.Məmmədov 2008-ci il avqustun 11-də təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqdan gizləndiyindən və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığından həmin ittihamı ona elan etmək mümkün olmayıb.


Nazirlikdən verilən məlumata görə, R.Məmmədovun Rusiyanın Perm şəhərində gizləndiyi aşkar olunduqdan sonra, onun respublikaya ekstradisiyası üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi zərurəti ortaya çıxıb. Bununla əlaqədar olaraq onun cinayət işi üzrə dayandırılmış icraat yenilənib: «Təqsirləndirilən şəxs R.Məmmədovun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədə biləcəyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olacağı, istintaqdan və məhkəmədən boyun qaçıracağı ehtimalı olduğundan onun barəsində həbs qətimkan tədbiri seçilib».



Bu ilin martın 20-də R.Məmmədov Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq Azərbaycana ekstradisiya olunub.


«Cinayət işinin istintaqı zamanı R.Məmmədov təqsirləndirilən şəxs qismində dindirilib və o, törətdiyi cinayət əməlini etiraf edib. Hazırda dövlətə vurulmuş ziyanın cinayəti törətmiş şəxs tərəfindən ödətdirilməsi və cinayət işinin yekunlaşdırılıb məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür», - deyə məlumatda bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri