Prezident İlham Əliyev: “Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir”

“Bu gün imzaladığımız birgə bəyannamə əlaqələrimizin gələcək inkişaf perspektivlərini müəyyən edir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi və qardaşlığımız dayanır. Bəyannamədə bütün sahələrdə konkret əməkdaşlıq öz əksini tapıb”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tiflisdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə təkbətək və hər iki ölkənin nümayəndə heyətləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir: “Biz həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrimizin ərazi bütövlüyü məsələlərində bir-birimizə daim dəstək və arxa oluruq. Əminəm ki, hər iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək. Bəyannamədə münaqişələrin həlli ilə bağlı çox dəqiq ifadələr öz əksini tapıb. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü və suverenliyi, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır".
Şərhlər
Siyasət bölməsinin xəbərləri