İflic olan idmançı: "Bakıdakı dəhşəti xatırlamıram"

Bakıda avtobusun vurduğu Avstriya idmançısı Vanessa Sahinoviç qəzadan sonra ilk dəfə müsahibə verib.

ANS-in məlumatına görə, Avstriyanın ORF telekanalı iflic olmuş üzgüçü haqda sujet hazırlayıb.

Telekanalın məlumatına görə, 11 iyun 2015-ci il tarixində Vanessanın həyatı bir göz qırpımında dəyişib. Avropa oyunları açılışına bir gün qalmış Vanessa və onun daha iki komanda yoldaşını avtobus vurub. İnsident zamanı sağ ayağı zədələnən Luna Payer və sınıq xəsarətləri alan Verena Braytdan fərqli olaraq Vanessa Sahinoviçin aldığı zədələr daha ağır olub.

Onurğa sütunundan ciddi zədə alan Sahinoviç koma vəziyyətində təcili olaraq Vyanaya göndərilib və burada 15 yaşlı idmançını əməliyyat ediblər. Bir neçə ağır cərrahiyə əməliyyatı keçirən və komadan çıxan Sahinoviç hazırda əlil arabasına məhkumdur.

Sahinoviçin sözlərinə görə, o, Bakıdaki dəhşətli anı xatırlamır. “Mən nəyin baş verdiyini bilmirdim. Ayılanda məşqçinin mənə yardım göstərməyə çalışdığını gördüm və ondan nəyin baş verdiyini soruşanda o mənə bizim avtobus altına düşdüyümüzü dedi”, - deyə Vanessa ORF telekanalına müsahibəsində bildirib.

Ayaqları iflic olan 15 yaşlı idmançı, ona paraplegiya diaqnozu qoyulmazdan əvvəl xəstəxanada olarkən aşağı əzalarını hiss etmədiyini deyir: “Bu çox çətindir. Mən köhnə həyatımı unutmalıyam, hər şeyi yenidən başlamalıyam.”

Lakin buna baxmayaraq Sahinoviç çox optimistdir. “Hesab edirəm ki, hər bir insanın həyatında çətin mərhələ olur, gec tez bu baş verir”, - deyə qız öz fikirlərini bildirir. Hazırda bərpa kursu keçən üzgüçü reabilitasiya zamanı səbrli olmağın vacibliyindən danışır: “Hər şey addım-addım baş verir, əgər sizin məqsədiniz varsa, siz mütləq ona nail olacaqsınız.”

Gələcəyə optimizmlə baxan Sahinoviçin ən böyük arzusu evə qayıtmaqdır. “Yaxın zamanda evə qayıtmaq və orda maneəsiz hərəkət etmək istəyirəm. Kim bilir bəlkə də hovuzlu evimdə yenidən üzə biləcəm...”


Şərhlər
İdman bölməsinin xəbərləri