Dini Komitə: Sabunçu hadisəsində dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər
- 06.11.2015, 19:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdirmişlər. Hazırki şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur.
Bunu Trend-ə dünən gecə Sabunçuda baş verən hadisələri şərh edərkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
S.Heydərov qeyd edib ki, noyabrın 5-də rəsmi qeydiyyatdan keçməmiş, Müsəlman birliyi hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb: "Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıblar. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb".
Komitə rəsmisi deyib ki, həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur: "Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər. Hazırkı şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur".
Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası keçirilib. Müsəlman birliyi hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edənlər Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.