Formula 1 ilə bağlı Bakının mərkəzi küçələrində tikinti gecə aparılacaq
- 06.11.2015, 19:49,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində tikinti işlərinin aparılması və hərəkətin məhdudlaşdırılması ilə əlaqədar mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunmuş layihə üzrə gələn il Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı Bakı Şəhər Halqasında xüsusi asfalt qatının çəkilişi və digər tikinti-quraşdırma işləri əsasən 2016-cı ilə nəzərdə tutulub.
Bakı Şəhər Halqası (Baku City Circuit) şirkətindən Trend-ə daxil olan məlumata görə, şirkət tikintiyə bağlanacaq yollarda təmir-tikinti işlərinin əhalinin məişətinə və yol hərəkətinə təsirini minimuma endirmək üçün xüsusi plan tərtib edib və onun həyata keçirilməsi üçün aidiyyatı olan dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Yüksək keyfiyyət meyarına əsasən hazırlanacaq asfalt yollarının, sonradan yerin dərin qatında yerləşən kommunal qovşaqlarında yarana biləcək nasazlıq halları üzündən sökülməsinin qarşısını indidən almaq məqsədilə hazırda aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür.
Qeyd olunur ki, bilvasitə Formula 1 yarışı üçün salınacaq asfalt qatının çəkilişi, tamaşaçı tribunalarının tikintisi, trek boyu beton baryerlərin və Hökumət evinin qarşısında Formula 1-ə aid xüsusi qurğuların quraşdırılması işləri mərhələli şəkildə aparılacaq. Bəzi ərazilərdə əhalinin gündüz saatlarında hərəkət axınına əngəl yaratmamaq məqsədilə işlər gecə növbəsi üzrə həyata keçiriləcək.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əməkdaşlıq edən Bakı Şəhər Halqası 2016-cı ildə müvafiq küçə və prospektlər üzrə yolların bağlanması haqqında məlumatı öncədən insanlara çatdıracağını bəyan edir.
Formula 1 standartına cavab verən yenilənmiş yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran-Prisinin promouteri, eyni zamanda yarışların keçirildiyi şəhər treki Bakı Şəhər Halqası adlanır. 20 müxtəlif çətinlikli döngələri, dar keçidləri və ən maraqlısı - 340 km/saat sürətə çatmağa imkan verən 2.2 km sahilboyu hissəsi ilə Bakı Şəhər Halqası cari Formula 1 təqvimində ən sürətli şəhər treki fenomeninə imza atacaq.