Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşovanın ikinci dəfə ərə getməsi və ana olması xəbəri özüylə birlikdə qalmaqal da gətirdi. Qalmaqala səbəb isə Səidənin uşağının atasının evli olması barədə iddia idi. Aysel adlı xanım xalq artistinin qızının evləndiyini iddia etdiyi Məhəmməd adlı şəxsin onunla rəsmi nikahda olduğunu açıqlayıb.
Milli.Az lent.az-a isstinadən Səidə Dadaşovanın müsahibəsini təqdim edir.
- Yəqin ki, Məhəmməd bəyin həyat yoldaşı Ayselin sizin barənizdə mətbuata verdiyi müsahibəni oxumusunuz. Həmin iddialara münasibətiniz necədir?
- O, qadın müsahibəsində məni əxlaqsız sözlərlə ittiham edib. İstəməzdim ki, onun mənim haqqımda dediyi sözləri təkrar edim. Çünki bu bizə yaraşmaz. Çörək kəsmişik. Başa düşürəm ki, o da qadınıdır, onu qızışdırıblar, beynini doldurublar. Amma onu bilsin ki, mən bu günə qədər heç kimə qardaş deməmişəm. Heç Məhəmmədə də qardaş deməmişəm. Mən yalnız doğma qardaşıma qardaş deyirəm. Məhəmmədin yoldaşını mənə qarşı kimin öyrətdiyini də bilirəm. Ad çəkmək istəmirəm. Ad çəksəm, həmin adama böyük reklam olar. Sadəcə bu söz-söhbətlər mənə atılan şərdir. Bu məsələyə görə bir çox insanlar cavab verəcək. İndi uşağımla məşğulam deyə bu məsələyə tam fikir vermirəm.
- Xanım iddia edir ki, Məhəmməd sizin sürücünüzdür və yeni doğulmuş körpəniz də ondandır. Bu, doğrudurmu?
- Yox, qətiyyən. Məhəmməd sadəcə mənim dostumdur. O sadəcə mənim işlərimə kömək edir. İşimlə bağlı məni bir çox yerlərə aparıb-gətirir. Amma Məhəmmədin vəzifəsi sürücü deyil. Sürücü başqa şeydir. Adam sürücü olanda nə olar ki? Məhəmmədə və onun ailəsinə hər zaman maddi və mənəvi kömək olmuşam. Mən etdiyim yaxşılığı deyən insan deyiləm. Amma məni məcbur edirlər ki, hər şeyi açıb deyim. Mən hamı ilə şəkil çəkdirə bilərəm. Evdar qadın deyiləm ki... İndi kimlə şəkil çəkdirsəm, deyəcəklər əridi? Əl çəksinlər məndən. O, qız heç kompüterin nə olduğunu bilmir. Bu yaxınlarda "WhatsApp"ın nə olduğunu bilib. Bir insan ki, internetdən mahnı yükləyə bilmirsə, bu nə tez saytları bildi? Nə tez müsahibə verdi? Yəni onu sadəcə qızışdıranlar olub.
- Bu söz-söhbətin bu həddə çatmasına səbəb nə oldu?
- Ümumiyyətlə kimsə ağzımdan eşidib ki, deyim, uşağımın atası filankəsdir? Yox. Hətta "5/5" verilişinə çıxanda məəttəl qaldım ki, bunlar haradan bildilər ki, mən ailə qurmuşam, övladım olub? Hər bir qadının haqqıdır ki, ana olsun. Necə və haradan olubsa, bu, mənə aid olan işdir. Şou-biznesdə bir çox qadınlar doğub. Mən onların işinə qarışıram? İndi nə oldu ki, mənim uşağım oldu, belə söz-söhbətlər ortaya çıxdı?! Hətta "İnstagram"da bir izləyici mənə yazıb ki, "heç bir ay bundan qabaq hamilə olduğunuz bilinmirdi". Bu insanlar başa düşmür ki, mən hamilə olduğumu reklam etməmişəm. Mənə reklam lazım olsaydı, hamilə vaxtımda reklam olunardım. Belə şeylər mənə lazım deyil. Hər zaman sənətimlə reklam olunmuşam. Belə şeylərlə yox. Məni dinc buraxsınlar. İmkan versinlər ki, dinc başımla övladımı böyüdüm. Bir neçə il öncə gözəl sənətkarımız Cavan Zeynallı ilə şəkil çəkdirmişdim. Elə o vaxtda dedilər ki, onunla sevgiliyəm. Bu şayiə idi. Sadəcə mən Cavan bəylə duet oxumuşdum. İndiki söhbət də mənə o şayiəni xatırlatdı. Mən heç kəsə ixtiyar vermirəm ki, mənə şər atsın.
- Məhəmməd bəyin xanımı Ayselə nə demək istərdiniz?
- Kim Ayselə nə deyibsə, babalı onun boynuna. O, mənim haqqımda nə fikirləşirsə, babalı onun boynunadır. Sadəcə ona demək istəyirəm ki, boş-boş söhbətlərə fikir verməsin. Uşağın atası mən özüm bilərəm kimdir. Övladımın atasının kimliyini açıqlamamaq istəyim isə şəxsi işimdir.
- Bu məsələyə atanızın münasibəti necə oldu?
- Atam da əsəbiləşib. Mənə dedi, bu nə məsələdir, sən özün insanları başa sal ki, bu iş əslində elə deyil, belədir. Yəni bu mövzuya son qoy. Sizi inandırım ki, başıma çadra bağlayıb, evdə otursam, onu da söz edəcəklər. Yəni bizim sahə elə sahədir ki, hər adamın haqqında bir şayiə çıxarırlar. Necə ki, mənim barəmdə belə bir şey çıxartdılar.
- Bəlkə uşağın əsl atasını açıqlayasan, söz-söhbətə son qoyulsun?
- Övladımın atası hələ burada deyil. O gələndə hər şeyə son qoyulacaq. Sadəcə onu deyə bilərəm ki, uşağın atası sənət adamı deyil. Əgər sənət adamı olsa idi, onu açıq deyərdim. İndi o, uzaqdadır.
- Bəs bu söhbətlərə münasibəti necədir?
- O, çox narahatdır. Deyir ki, başa düşmürəm, bu nə söhbətdir? Uşağın atası hətta Məhəmmədlə dostdur. Elə ona görə də rahatdır. Bəzi şeylərdə mənə dəstək oldu, bəzilərində yox. Özü yanıma gələndə məsələyə aydınlıq gətirəcəyik. Hələlik o da, mən də oğlumuzun qırxının çıxmasını gözləyirik.
Yenə deyirəm. Məhəmməd mənim həyat yoldaşım deyil. Sadəcə işlərimə kömək edən şəxsdir. Biz onunla dostuq. Özü də çox yaxşı dost. Bu cür söhbətlərdən sonra Məhəmməd insanlığını itirmir, yenə də yanımdadır. Xahiş edirəm ki, dostumu narahat etməsinlər.