Mehriban Əliyevaya BMT-nin Əhali Fondunun xatirə diplomu və hədiyyəsi təqdim edilib
- 12.11.2015, 22:44,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyətini salamladılar.
Görüşdə Mehriban Əliyeva Heydər Əliyev Fondunun nəinki ölkəmizin, o cümlədən regionun ən böyük və ən fəal qeyri-hökumət təşkilatlarından biri olduğunu bildirdi. Birinci xanım Mehriban Əliyeva qeyd etdi ki, Heydər Əliyev Fondunun fəaliyyətində sosial problemlər, xüsusilə də ailə, qadın və uşaq problemləri prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun 2008-ci ildən BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Azərbaycanın birinci xanımı vurğuladı ki, tarix boyu ölkəmizdə qadınlar ictimai-siyasi həyatda fəal rol oynayıblar və mühüm yer tutublar.
“Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib”, - deyən Heydər Əliyev Fondunun prezidenti bu gün də Azərbaycan qadınlarının müxtəlif sahələrdə fəal rol oynadıqlarını bildirdi. Müasir dünyanın çağırışları ilə yeni layihələr həyata keçirməyin zəruriliyini vurğulayan birinci xanım Mehriban Əliyeva məişət zorakılığına son qoymaq sahəsində ölkəmizdə görülən işlərdən danışdı. Qadınlara qarşı zorakılığa son qoyulmaqla yanaşı, onlara sosial dəstək və reabilitasiya tədbirlərinin vacibliyinə toxunan Mehriban Əliyeva ölkəmizdə bu istiqamətdə konkret layihələrin icra olunduğunu, regionlarda reabilitasiya mərkəzlərinin açıldığını söylədi.
Azərbaycanın birinci xanımı BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığa təkan verəcəyinə əminliyini vurğuladı və Heydər Əliyev Fondunun əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduğunu dedi.
Səmimi görüşə görə minnətdarlığını bildirən Babatunde Osotimehin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan böyük şərəf hissi duyduğunu söylədi. BMT rəsmisi Heydər Əliyev Fondunun fəaliyyətinin uca amallara və məqsədlərə xidmət etdiyini məmnunluqla vurğuladı.
Görüşün sonunda Babatunde Osotimehin Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nın Əhali Fondunun xatirə diplomunu və hədiyyəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.