Gədəbəydə quldurluq törədən maskalı dəstəyə başçılıq edən şəxs saxlanıldı

Gədəbəydə quldurluq törədən dəstənin başçısı saxlanılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, həmin şəxsin bir müddət əvvəl qaynanasının evindən oğurluq etdiyi də müəyyənləşdirilib. Hazırda onun digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də rayonun Slavyanka kəndində Zakir Rüstəmovun evinə daxil olub gəlini və nəvəsinin əl-ayağını, ağzını bağlayaraq, onları bıçaqla hədələyən, evdən pul və qiymətli əşyalar oğurlayan dəstəyə başçılıq edən şəxs saxlanılıb. Rüstəmova məxsus 4300 manat və 300 ABŞ dolları, eləcə də xeyli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə əldə edən dəstə başçısının 29 yaşlı Eşqin Məmmədov olduğu müəyyən edilib.

Asəf Mirzəyev müstəntiq: “Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Eşqin Məmmədov noyabr ayının 11-də Slavyanka kəndində yaşadığı evdə müəyyən edilərək istintaqa təhvil verilib”.

Saxlanılan Eşqin Məmmədov Zakir Rüstəmovla qohumluq əlaqələrinin olduğunu, onun evində külli miqdarda pul və qızıl-zinət əşyalarının varlığından xəbərdar olduğu üçün cinayəti keçmiş həbsxana yoldaşları ilə planlı şəkildə təşkil etdiyini bildirib. Məmmədov əldə olunan pulun dəstə üzvləri arasında bölündüyünü, ancaq qızıl-zinət əşyalarını özünün götürüb qaçdığını da etiraf edib.

Eşqin Məmmədov saxlanılan şəxs: “Hamı bilirdi ki, Zakir Rüstəmovun evində pulu, qızılı var. Mən də bildiyim üçün, əvvəlcədən planlaşdırdıq. Plan qurdum, evə girdik və götürdük. Başqa yoldaşım qızılı aradan çıxarmaq istəyirdi, bunu mən etdim, satdım, pulunu da xərclədim”.

Araşdırma nəticəsində Eşqin Məmmədovun avqustun 17-dən 18-ə keçən gecə qaynanası Amaliya Nağıyevaya məxsus evdən oğurluq etdiyi də üzə çıxıb.

Eşqin Məmmədov saxlanılan şəxs: “Mən qaynanamın evinə girdim, evdə heş kim yox idi. Axtardım, ancaq qızıl və pul tapa bilmədim. Şəxsiyyət vəsiqəsi ilə pensiya kartını götürdüm”.

Faktla bağlı cinayət işi açılıb. Dəstə üzvlərinin başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri