Serbiya Türkiyədəki səfirini geri çağırdı

Serbiya Türkiyədəki səfirini geri çağırdı Serbiyanın Türkiyədəki səfiri Duşan Spasoyeviç Serbiya KİV-ə fəaliyyət göstərdiyi ölkədə vəziyyəti şərh etdiyi üçün geri çağırılıb. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Serbiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Serbiya XİN-in nizamnaməsinə görə, səfirlər xüsusi icazə olmadan fövqəladə hallardan başqa, Serbiya KİV-ə şərh verə bilməzlər. Səfir Spasoyeviç son vaxtlar Türkiyədəki hadisələr və Serbiya vətəndaşlarının vəziyyəti ilə bağlı Belqradın iki telekanalına müsahibə verib və bu mövzuda "Twitter"də məlumat yerləşdirib.

Serbiyanın xarici işlər naziri İvan Mrkiç bildirib ki, Spasoyeviç hələ iki ay bundan əvvəl geri çağırılıb, lakin ailə məsələlərinə görə iyulun 1-dək Türkiyədə qalmasını xahiş edib və onun xahişi qəbul edilib: "Spasoyeviç Türkiyədəki hadisələri qanunsuz şəkildə şərh etdiyinə görə tənqidə məruz qalıb, halbuki o, yalnız vətəndaşlarımız barədə danışa bilərdi. Buna görə də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mənə zəng etdi və əsaslı olaraq etirazını bildirdi".

Səfirin özü isə ünvanına söylənilənləri təkzib edib. Diplomatın sözlərinə görə, Türkiyədəki Serbiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaqlaşmağı məsləhət görüb.
Şərhlər
Dünya bölməsinin xəbərləri