"Neftçi" klubunun baş məşqçisi Samir Əliyev istefaya gedib

“Neftçi”də Müşahidə Şurasının növbəti iclası keçirilib. APA-nın klubun saytına istinadən məlumatına görə, iclasda komandanın son oyunları əsas müzakirə mövzusu olub.

Bununla yanaşı baş məqşçi Samir Əliyevin Müşahidə Şurasına ünvanladığı müraciətinə də baxılıb. Samir Əliyev müraciətində diqqətini daha çox "Pro" kateqoriyalı məşqçilik kurslarına yönəltmək və bununla əlaqədar hazırki vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib.

Baş məşqçinin müraciəti Şura üzvləri tərəfindən qəbul edilib və komandanı çalışdırmaq vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub. Yeni baş məşqçi axtarışı isə klubun İcraçı direktoru Elnur Məmmədova və idman direktoru Vəli Qasımova tapşırılıb.

Qeyd edək ki, Samir Əliyev 04.11. 2015-ci il tarixdə Ukrayna Futbol Federasiyasında dinləmələrdən uğurla keçərək "Pro" kateqoriyalı məşqçilik kurslarına qəbul edilib. Əliyevin "Pro" kursları ilə əlaqədar Ukraynaya ilk səfəri 16 noyabr tarixində baş tutacaq.

Məlumat üçün bildiririk ki, UEFA-nın lisenziyalaşdırma qaydalarına əsasən klublarda əsas komandanın baş məşqçisinin “Pro” kateqoriyasına malik olması mütləqdir.
Şərhlər
İdman bölməsinin xəbərləri