Ərdoğan: Türkiyə üçün ən etibarlı enerji mənbəyi Əlcəzairdir

Türkiyə üçün ən etibarlı enerji mənbəyi Əlcəzairdir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfəri zamanı deyib.

Əlcəzairin Türkiyə üçün heç bir zaman uzaq olmadığını vurğulayan Baş nazir bildirib: "Əlcəzair bizdən heç vaxt ayrı olmadı. Siyasi olaraq ayrı qaldığımız illərdə də xalqlarımız həmişə özlərini bir-birilərinə yaxın hiss etdilər".

Ərdoğan sonuncu dəfə 2006-cı ildə gəldiyi Əlcəzairin o vaxtdan etibarən xeyli inkişaf etdiyini qeyd edib: "Əlcəzairin bu potensialı ilə ən qısa zamanda dünyanın inkişaf etmiş ölkələri arasında yer alacağına inanıram".

Baş nazir bildirib ki, Türkiyə sürətlə inkişaf edir, dolayısilə enerji ehtiyacı sürətlə artır: "Bizim üçün ən etibarlı enerji mənbəyi dost və qardaş ölkə Əlcəzairdir. Əlcəzair sıx əməkdaşlıq edəcəyimiz dəyərli bir tərəfdaşdır".

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən sonra Tunisə səfər edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri