Azərbaycan Prezidenti: Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab veriləcəkdir
- 25.11.2015, 00:45,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“İndiki şəraitdə, əlbəttə, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da yüksək səviyyədə öz həllini tapmalıdır. Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır:
“Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcəkdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir. Bu sahədə də böyük uğurlar vardır, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir. Əminəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaqdır.
İqtisadi siyasətlə bağlı təbii ki, biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək”.
İlham Əliyev vurğulayıb ki, bununla bərabər, bölgələrdə infrastruktur layihələrinin icrası davam etdirilməlidir:
“Əlbəttə, əvvəlki illərdə bu sahəyə qoyulan sərmayələri biz bu gün yatıra bilmərik. Ancaq görülən işlər nəticəsində bölgələrdə əsas infrastruktur layihələri ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Xüsusilə elektrik enerjisi, qazlaşdırma layihələrini nəzərdə tuturam. Hazırda əsas prioritet içməli su layihələrinə, kənd yollarının çəkilişinə yönəlibdir və bu sahədə hələ görüləsi işlər çoxdur. Növbəti illər ərzində bütün infrastruktur layihələri öz həllini tapmalıdır, o cümlədən sosial infrastruktur layihələri. Gələn il də dövlət büdcəsində tibb müəssisələrinin, məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri nəzərdə tutulur.
Qeyd etməliyəm ki, bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz güclü sosial siyasət bizə imkan verdi ki, biz bu illərdə yaşanan böhrandan ən az itkilərlə çıxa bilək. Çünki bəzi hallarda əsaslı iqtisadi islahatlar sosial problemlərə gətirib çıxarır. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir, bu gün də diqqət yüksək səviyyədədir. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında dərman preparatları bazarında dövlət öz rolunu ortaya qoydu. Bu bazar artıq dövlət tərəfindən tənzimlənir və tədricən yüzlərlə, minlərlə adda dərman preparatının qiyməti kəskin şəkildə aşağı düşür, bəzi hallarda iki dəfə, bəzi hallarda üç dəfə. Əlbəttə ki, bu da bizim sosial siyasətimizin təzahürüdür”.
Dövlət başçısı deyib ki, məcburi köçkünlərin, qaçqınların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmalıdır:
“Gələn il də bu məqsədə çatmaq üçün kifayət qədər böyük vəsait nəzərdə tutulubdur. Son illər ərzində yüz minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülübdür. Bu, gələcək fəaliyyətimiz üçün də daim prioritet olaraq qalmalıdır”.
Dövlət başçısı əminliyini bildirib ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir: “Çünki biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz. Çünki biz öz yolumuzla gedirik və güclü iqtisadiyyat, sabitlik, xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradıb ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər də artıq başa düşməlidir ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır”.
Dövlət başçsı deyib ki, antiazərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb əlbəttə ki, məyus olurlar:
“Biz öz yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim öhdəliyimiz yoxdur, ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə edirik. Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur biz sözümüzü deyəcəyik”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan nadir ölkələrdəndir ki, son vaxtlar miqrantlar böhranı ilə bağlı öz səsini ucaldır:
“Bəziləri susmağa üstünlük verirlər, ancaq biz sözümüzü deyirik. Çünki bu ədalətsizliyə dözmək mümkün deyil. İndi buna miqrantlar böhranı deyirlər. Ancaq miqrantlar üçün bu böhran humanitar fəlakət böhranıdır. Neçə ildir ki, onlar bu fəlakətdən əziyyət çəkirlər. Onların ölkələri dağıdılır, evləri yerlə-yeksan edilir. Onlar yaxınlarını, qohumlarını itirirlər, işgəncələrə məruz qalırlar, onların ləyaqəti alçaldılır və bu adamlar nicat tapmaq, yəni, bu bəladan xilas olmaq üçün Avropaya üz tuturlar. Görün, onları necə qarşılayırlar - yenə də təhqir, işgəncə, onların ləyaqəti alçaldılır. Onları indi günahkar kimi təqdim etməyə çalışırlar. Onların heç bir günahı yoxdur. Əgər onların ölkələri dağıdılmasaydı, onlar öz ölkələrində yaşayardılar. Ancaq bu gün, görün, nələr baş verir. Biz buna necə susaq?! Biz ona görə öz sözümüzü deyirik. Hesab edirəm ki, əgər başqa ölkələr də bizim kimi öz səsini ucaltsalar bəlkə də bu siyasətə düzəlişlər edə bilərlər”.
Dövlət başçısı deyib ki, deputatlar da yaxşı bilirlər, ictimaiyyət də bilir ki, bir çox hallarda Azərbaycan əsassız ittihamlarla üzləşir:
“Guya ki, Azərbaycanda demokratiya, insan hüquqları pozulur. Guya Azərbaycan hansısa, - kim tərəfindən müəyyən edilibdir bunu biz bilmirik, - meyarlara cavab vermir. Ancaq bu miqrantlar böhranı dəyərləri təbliğ edən ölkələr üçün bir sınaqdır. Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü? Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət? Biz bunu görmürük.
Ona görə bu hadisələr və bu vəziyyət bir daha onu göstərir ki, biz nə qədər haqlı olmuşuq, öz yolumuzla getmişik, heç kimdən asılı olmamışıq, olmaq da istəmirik. Buna ehtiyac da yoxdur. Biz öz hesabımıza yaşayırıq, beynəlxalq məsələlərlə bağlı öz sözümüzü deyirik”.
İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda, əlbəttə ki, üzv olduğu təşkilatlarda bundan sonra da fəal iştirak edəcək:
“Bizim deputatlar da fəal iştirak etməlidirlər. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz. Üzv olduğumuz təşkilatlarda fəaliyyətimiz də yüksək qiymətə layiqdir. Üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və ölkəmizin maraqlarını müdafiə edirik.
Mən əminəm ki, biz qarşıda duran vəzifələri uğurla icra edəcəyik. Dünyada vəziyyət dəyişir, güclər nisbəti dəyişir. Əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə biz buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir. Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa biz xahiş edərik”.
Dövlət başçısı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı:
“Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir.
Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik.
Bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər. Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Sağ olun”.