Müğənnilərə nağd ödənişin qadağan edilməsi təklif olunur
- 25.11.2015, 22:26,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda müğənnilərin, incəsənət, şou-biznes təmsilçilərinin əksəriyyətinin yüksək gəlirlər əldə etməsinə baxmayaraq, onların vergilərdən yayınması uzun müddətdir ki, heç kimə sirr deyil. Lakin son zamanlar mediada bununla bağlı materiallar daha çox yer almağa başlayıb. Hətta Vergilər Nazirliyinin rəsmi orqanı olan "Vergilər" qəzetində yer alan "müğənnilər gəlirlərinə uyğun vergi ödəmirlər" fikri cəmiyyətdə böyük rezonans doğurdu. Amma problemin həlli yolu hələ də tam tapılmayıb.
Məsələ ilə bağlı Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, inkişaf etməkdə olan ölkələrdə vergi ödəyiciləri, o cümlədən şou-biznes nümayəndələri çalışırlar ki, vergiləri ödəməsinlər. Çünki bu ödəmə onlar üçün əlavə xərcdir. Əksinə, inkişaf etmiş ölkələrdə isə müənnilər çalışırlar ki, vergilərini vaxtında və dəqiq ödəsinlər. Onlar bununla cəmiyyətdə digər şəxslər üçün bir növ nümunə olmağa çalışırlar: "Təəssüf ki, Azərbaycanda incəsənət nümayəndələrinin əksəriyyətində bu nümunəvilik müşahidə edilmir. Vergilər Nazirliyinin rəsmilərinin də açıqlamaları göstərir ki, əksər incəsənət təmsiçiləri vergilərdən yayınmağa çalışırlar. Bununla onlar vəsaitlərinə qənaət etdiklərini düşünürlər".
İSİM rəhbəri hesab edir ki, onların vergilərə cəlb edilməsi üçün bu sahədə mexanizmin təkmilləşdirilməsinə ehtiyac var: "Çünki mövcud mexanizmin təkmil olmaması müğənnilərin vergiyə cəlb edilməsində müəyyən çətinliklər və onların vergilərdən yayınmasına şərait yaradır. Cəmiyyətdə müğənnilərin əldə etdiyi vəsaitlərlə bağlı məlumatları əldə etmək çətin deyil. Məsələn, sadəcə şadlıq sarayına müraciət etməklə hansı müğənninin hansı qiymətə toy apardığını öyrənmək mümkündür. Reallıqda müğənninin gəlirlərinə və ödədiyi vergilərə baxanda isə gəlirin, sanki, dəfələrlə az olduğu görünür. Bu da birmənalı şəkildə gəlirlərin gizlədilməsi deməkdir".
V.Bayramov konkret təkliflər də irəli sürüb: "Əvvəla, təklif edirik ki, müğənnilərə nağd formada ödənişin edilməsi tam qadağan olmalıdır. Müğənnilərin və digər incəsənət nümayəndələrinin nağd şəkildə pul almaq imkanları olmamalı və bu qaydanı pozanlara qarşı kifayət qədər ciddi cəzalar müəyyənləşdirilməlidir. Ödənişlər onlara yalnız bank vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda, şadlıq sarayları, restoranlar yalnız rəsmi müqavilə bağlanan müğənnilərin orada oxumasına icazə verməlidirlər. Bu müqavilə həmin obyektlərlə və ya müğənnini sifariş edən məclis sahibi ilə bağlana bilər. Əgər müqavilə, məsələn, toy sahibi ilə bağlanıbsa, müğənni yalnız müqaviləni şadlıq sarayına rəsmən təqdim etdikdən sonra orada çıxış edə bilər. Sonda isə bunun qarşılığında ödəmə müvafiq bank vasitəsilə həyata keçirilməlidir".
Rəsmi müqavilədə də real ödənişlə sənəddəki ödənişin fərqli göstərilərək, yenə də vergidən yayınma halının yaranması ehtimalına gəlincə, ekspertin fikrincə, bunun qarşısını almaq üçün qanunvercilikdə dəyişiklik edilməlidir: "Məsələn, sənəddə ödənişin 500 manat olacağı göstərilir, amma realda müğənniyə 5000 manat ödənilir. Bununla da yenə də vergidən yayınma halı yaranır. Bunun qarşısını almaq çətin olacaq. Çünki bu problem, demək olar ki, bütün ödəniş növlərində mövcuddur. Ona görə də, qanunvericilikdə təkcə vergidən yayınan deyil, müqavilədə vəsaitlərin daha az göstərilməsinə imkan yaradanlar barəsində də cəza tədbirlərinin görülməsinə, onların məsuliyyətə cəlb olunması ilə bağlı dəyişikliklərin edilməsinə ehtiyac var. Bu tədbirlər qarşı tərəfin, müğənniləri sifariş edən şəxslərin də edilən ödənişlərlə bağlı vəsaitlərin müqavilədə doğru göstərilməsində maraqlı olmasına gətirib çıxaracaq".