Moskvada Vladimir Putinlə fransalı həmkarı Fransua Olland arasında görüş keçirilir

Moskvada Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Fransua Olland arasında görüş keçirilir.

APA-nın verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə Vladimir Putin Parisdə baş verən terror aktı ilə bağlı fransalı həmkarına başsağlığı verib: "Bildiyiniz kimi Rusiya da terrordan əziyyət çəkib. Bir müddət əvvəl terrorçular tərəfindən sərnişin təyyarəmizin partladılması nəticəsində xeyli sayda insan həyatını itirdi. Parisdə də xeyli sayda insan itkisi ilə nəticələn terror aktı baş verdi. Rusiya və Fransanın terror aktları nəticəsində itkiləri onları terrorla mübarizədə səylərini birləşdirməyə məcbur edir. Moskva buna hazırdır".

Rusiya prezidenti Moskva və Parisin terrorla mübarizədə geniş koalisiyanın yaradılmasının vacibliyi barədə mövqeyinin üst-üstə düşdüyünü qeyd edib.

Fransa prezidenti Fransua Olland isə çıxışında terrorla mübarizədə geniş və güclü koalisiyanın yaradılmasının vacib olduğunu söyləyib.

Daha sonra görüş mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.

Qeyd edək ki, görüşdə hər iki ölkənin xarici və müdafiə nazirləri də iştirak edirlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri