YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi
- 07.06.2013, 13:56,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda, "Buta" sarayında iyunun 7-də Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilib. YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevi hərarətlə qarşıladılar.
Partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi.
Dövlətimizin başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs etdi.
Qurultay 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi.
Sonra təşkilati məsələlərə baxıldı.
Prezident İlham Əliyev yekdil səslə yenidən YAP-ın sədri seçildi.
Sonra partiyanın 90 nəfərlik siyasi şurasının, 21 nəfərlik idarə heyətinin və 15 nəfərlik mərkəzi nəzarət-təftiş komissiyasının tərkibi seçildi.
Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirdi və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan etdi.