Azərbaycanda uşaqların təhsildən yayındırılmasının əsas səbəbləri müəyyənləşdirilib
- 04.12.2015, 22:26,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının monitorinqini həyata keçirən Nəzarət Qrupu Bakı kəndlərində qız uşaqlarının valideynləri tərəfindən dərsə mütəmadi göndərilmədiyini aşkar edib.
APA-nın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasına təqdim etdiyi hesabat xarakterli məqalədə əksini tapıb.
Hesabatda bildirilir ki, monitorinqlərin keçirilməsi uşaqların təhsildən yayınmasının əsas səbəblərinin müəyyən edilməsi baxımından mühüm addım olub. Uşaqların təhsilə davamiyyətinin ilk növbədə valideyn məsuliyyəti və məktəblərdə davamiyyətə olan nəzarət işlərinin təşkili ilə birbaşa əlaqədar olduğu müəyyən edilib. Bakı şəhəri üzrə keçirilmiş monitorinqlərin nəticəsi olaraq uşaqların təhsildən yayınmasına təsir göstərən əsas faktor oğlan uşaqlarının internet klublardan istifadəsi, rayon və kənd yerlərində mövsümi işlərlə əlaqədar olaraq uşaqların ailə təsərrüfatlarında valideynlərinə kömək etməsi, həmçinin Bakı kəndlərində qız uşaqlarının valideynləri tərəfindən dərsə mütəmadi göndərilməməsi olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, bu problem dünyanın əksər dövlətlərində var və həmin problemin qarşısının alınması məqsədilə ailə psixoloqu institutunun yaradılması faydalı olar, çünki sağlam inkişaf edən dövlət ilk öncə sağlam ailələrdən formalaşır. Bunun üçün də ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac var.