Prezident İlham Əliyev: Azərbaycan Çin ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 9-da Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşü olub.

Lou Çincyan Prezident İlham Əliyevin Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından şad olduğunu bildirdi. “Siz görkəmli rəhbərsiniz”, - deyən qubernator Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın yaxşı inkişaf etdiyini vurğuladı. Rəhbərlik etdiyi vilayət ilə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışdı. O, burada sənayenin müxtəlif sahələrinin inkişaf etdiyini, telekommunikasiya sahəsinin müasirləşdirilməsi ilə bağlı bir çox tədbirlərin görüldüyünü diqqətə çatdırdı. “Biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq”, - deyən qubernator bildirdi ki, Prezident İlham Əliyevin Siana səfəri Azərbaycan ilə Şaansi vilayəti arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Prezident İlham Əliyev Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını, bunun bir çox səbəblərinin olduğunu dedi. Dövlətimizin başçısı bildirdi ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən Prezident İlham Əliyev bunu Çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirdi. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda, Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən Prezident İlham Əliyev respublikamızın Çin ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda son illərdə sürətli iqtisadi artım müşahidə olunur və ölkəmiz uğurla inkişaf edir. Bu da ölkələrimiz arasında fəal qarşılıqlı əməkdaşlığın həyata keçirilməsinə kömək edir.

X X X

Görüşdən sonra Şaansi vilayətinin qubernatoru Lou Çincyan adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul verildi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri