Azərbaycanlı model Könül Əzizova müsahibəsində uğursuzluğunun səbəblərindən danışıb:
- Gələndə çox iddialı idiniz. Artıq necə aydır Bakıdasınız. Nə işlər görmüşünüz?
- 10 aydan çoxdur, Azərbaycandayam. Hələ də iddialıyam. Gələndə çox şeydən xəbərsiz idim. Amma zaman keçdikcə anladım ki, burada fərqli iş prinsipi var. Azərbaycanda model biznesində uğur əldə etmək üçün vaxt lazımdır. Çünki bu biznesin ölkəmizdəki səviyyəsi yox dərəcəsindədir, sıfırdadır! 3-4 modelimiz vardı, onlar da hazırda xaricdə işləyirlər. Ona görə də burada model biznesindən danışmaq yersizdir. Odur ki, bu sahədə iş qurmaq, nə isə yaratmaq, məncə, mümkün olmayacaq.
- Bəs planınız nədir?
- Azərbaycanda iş quracam. Amma onun model biznesi ilə əlaqəsi olmayacaq.
- Modelliklə vidalaşacaqsınız?
- Yox. Mən onsuz da Azərbaycanda model olaraq fəaliyyət göstərmək fikrində deyiləm. Üstəlik, bunun üçün şərait də yoxdur. Məsələn, burada standartlara cavab verən defile olmalıdır ki, mən ora çıxım. Amma fotosessiyalarda çəkilməyə razılıq verirəm.
- İş təklifləri gəlir?
- Çox gəlir. Amma heç birini qəbul etmirəm.
- Niyə?
- Gördüklərimə görə... Sadəcə absurd!
- Necə yəni absurd?
- Azərbaycanda gec-gec görünürəm. Özümü göstərmək üçün hara gəldi çıxa bilmərəm. Model biznesində səviyyə yoxdur. Mən isə özümü ucuz yerlərdə görmürəm. Mənim üçün peşəkar ortam olmalıdır.
- Bəs indi qazancınız haradandır?
- 7 ildir çalışıram. Həyatımda ilk dəfədir sənətimdə bu qədər fasilə vermişəm. Hazırda qazandıqlarımı yeyirəm. Ata-anamın yanına gəlmişəm.
- Necə təklif gözləyirsiniz?
- Təklif almaq üçün gəlməmişəm. Bəlkə, məndə də günah var. Özümü ortaya atan adamlardan deyiləm. Kənarda durub izləməyi sevirəm. Nədənsə, Azərbaycanda işləməyə həvəsim yoxdur.
- Azərbaycanda modellər tanınmaq üçün soyunurlar. Belə bir işə imza atarsınız?
- Şükür ki, Azərbaycanda heç kəslə qalmaqalım olmayıb. Alt geyimində şəkillərim yoxdur. Şükür ki, tanınmaq üçün bədənimi göstərməyə ehtiyac olmayıb. Çünki məşhurlaşmaq üçün belə, bu işi görmərəm. Təkliflər çox olub. Əslində, fotomodeləm. İstənilən geyimdə podiuma və kamera qarşısına çıxa bilərəm. Amma azərbaycanlılar bunu düzgün qəbul etmirlər. Belə qızlara münasibət dırnaqarası olur. Bizim işimiz incəsənətdir. Bunu anlamaq lazımdır. Bu yaxınlarda xoşagəlməz bir təklif aldım. "Nude" (çılpaq) fotosessiya təklif etdilər. Amma ki, tərəf-müqabilim olmalı idi. 5 mindən çox pul təklif olundu. Razılaşmadım. Məbləği də qaldırdı, sanki mənimlə çılpaq fotosessiya etməyi qarşısına məqsəd qoymuşdu.
- Niyə razılşmadınız? Axı siz fotomodelsiniz. Bu, sizin sənətinizdir... Demək, siz peşəkar deyilsiniz.
- Azərbaycanda peşəkar ortam yoxdur. Sadə bir misal çəkim. Fotoqrafın qarşısına rahat çıxa bilmirəm. İşini görmək əvəzinə məni süzür. Belələri ilə necə peşəkar olum? Tərəf-müqabilim də peşəkar model deyildi. Kiminsə ürəyindən mənimlə çılpaq fotosessiya etmək keçir deyə, razılıq verməliyəm? Məhz peşəkar olduğumdan, sənətimi sevdiyimdən onun verəcəyi yüksək məbləğlə razılaşmadım. Yoxsa, hər pul təklif edənlə çılpaq fotosessiya etdirərdim də...
- Bizdə model biznesi niyə inkişaf edə bilmir?
- Səbəb insanların düşüncəsindədir. Əksəriyyət at gözlüyü taxıb. Belələri nə sağı, nə də solu görür. Nə qədər ki, bu gözlüklərlə baxırıq, Azərbaycanda model biznesi inkişaf etməyəcək. Mənim müsahibəm çıxandan sonra hətta məni tanımayanlar belə onun linkini sosial şəbəkədə paylaşıb ünvanıma xoşagəlməz sözlər yazacaqlar. Bu özü cahilliyin göstəricisidir. Guya avropalaşmaq istəyirlər. Azərbaycanda şortik ilə gəzə bilmirəm. Çünki belələrinə olan münasibəti və baxışları görürəm. Narahat olmaq istəmirəm.
- 7 ildir Türkiyədə deyilsiniz. Yoxluğunuzu hiss edirlər?
- Əsla! Türkiyəni dünya şöhrətli model də tərk etsə, yenə boşluq olmayacaq. Orada bu sahə çox inkişaf edib.
- Azərbaycanda son illər çoxsaylı dəb həftələri keçirildi. Sizi qane etməyən nə oldu?
- Düzdür, yaxşı modellərimiz var. Amma səhnə quruluşu, tərtibat, işıqlanma qane etmədi. Ancaq Gülşən Tağının işi çox xoşuma gəldi. Həm model seçimi, həm tərtibat əla idi. Günel Behbudovanın milli geyim kolleksiyasını izləmişəm. Çox bəyəndim. Çox irəliləyiş var. Amma zaman lazımdır.
- Azərbaycanlı modelyerlərdən kimi bəyənirsiniz?
- Gülnarə Xəlilovanın milli geyimlərini bəyənirəm. Başqası da var?
- Leyla Əhmədova, Fəxriyyə Xələfova
- İzləməmişəm. Heç bir şərh verə bilmərəm.
- Bəyəndiyiniz ifaçılar kimdir?
- Miri Yusifin mahnıları ürəyimi titrədir. Röyanın səsi üçün ürəyim gedir. Türkiyədə də dinlədiyim bu iki ifaçıdır. Ancaq heç biri ilə real həyatda görüşməmişəm. Konsertləri olub, onda da Bakıda olmamışam.
publika.az