Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.

Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə tapşırılır ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2015-ci il və 2016-cı il dövlət büdcələrində Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 2015-ci və 2016-cı illərdə fəaliyyətinin maliyyələşməsini təmin etmək; Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təşkili üçün maddi-texniki təminatı ilə bağlı məsələləri həll etmək; Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri