Tələbələrin təhsil haqlarının ödənilməsində yenilik

Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

AMB-dən Trend-ə verilən məlumata görə, hazırda respublikada fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, mobil və stasionar rabitə operatorları ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Energetika və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan İpoteka Fondu, Dövlət Miqrasiya Xidməti kimi dövlət orqanları yaradılmış infrastruktura inteqrasiya olunub. Eyni zamanda, HÖP infrastrukturu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya resursları, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən banklar, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Elektron Hökumət” dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub.

Layihənin cari mərhələsində Təhsil Nazirliyi ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqlarının mərkəzləşdirilmiş qaydada toplanılmasının təmin olunması məqsədilə nazirlikdə xüsusi informasiya sistemi yaradılıb və HÖP infrastrukturuna inteqrasiya olunub. Təhsil Nazirliyi tərəfindən pilot olaraq seçilmiş dövlət ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) yaradılmış informasiya sisteminin avtomatlaşdırılmış iş yeri ilə təmin edilərək onlara tələbələr haqqında məlumatların mərkəzi informasiya bazasına daxil edilməsi və qəbul edilmiş ödənişlər haqqında hesabatların alınması imkanı yaradılıb.

Tələbələrdən təhsil haqlarının toplanılması prosesində şəffaflığın təmin olunmasında və toplanmış maliyyə vəsaitlərinin zəmanətli şəkildə müvafiq hesablara çatdırılmasında maraqlı olan bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə müraciət etməklə yaradılmış infrastruktura qoşula bilərlər.

Yaradılmış infrastruktura qoşulmuş ali təhsil müəssisələri üzrə qəbul edilmiş təhsil haqqı ödənişləri haqqında məlumatlar real vaxt rejimində Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə, maliyyə vəsaitləri isə bu müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu barədə Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə məlumat çatdırılır.

Təhsil Nazirliyi ilə birgə həyata keçirilmiş bu tədbir nəticəsində infrastruktura qoşulmuş dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin istənilən regionunda "Azərpoçt" MMC-nin və 42 bankın 2000-ə yaxın ödəniş məntəqəsində və infrastruktura inteqrasiya olunmuş ödəniş terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və “Elektron Hökumət” portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirmək imkanına malik olublar. Xatırladaq ki, yuxarıda qeyd olunan istənilən üsulla təhsil haqları üzrə borcların öyrənilməsi və ödənişlərin aparılması üçün ödənişli təhsil alan tələbənin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən, təhsil müəssisəsi tərəfindən tələbəyə verilmiş xüsusi koddan və ya qəbz nömrəsindən istifadə edilə bilər.

Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə Hökumət Ödəniş Portalının infrastruktur imkanlarının genişləndirilməsi və təqdim edilən elektron ödəniş xidmətlərinin çeşidinin artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri