Nazir müavini: “Ötən il Azərbaycanda erkən nikaha girənlər arasında oğlanlar da olub”
- 16.12.2015, 13:52,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda 2014-cü ildə qeydə alınmış 84912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub”.
APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən konfransda çıxışında bildirib.
İ. İsayev deyib ki, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9% olub ki, həmin qadınların 61,6 %-i kənd yerlərində yaşayır. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub. Nazir müavininin sözlərinə görə, araşdırmalar göstərib ki, məktəbdən yayınan şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür: “Yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi göstərib ki, həmin il ərzində respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir”.
Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İ. İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur: “2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib. Erkən nikahların səbəblərindən biri də gənclərin erkən nikaha girməklə gələcək sosial risklərdən sığortalanmış olduqlarını düşünmələridir. Amma həyat göstərir ki, əksinə, onlar bu addımı atmaqla fizioloji, həm də psixoloji mənfi təsirlərə məruz qalır, təhsil almaqdan məhrum olaraq öz həyatlarını mənasız edir və mövqesiz insana çevrilirlər”.
İ. İsayev bildirib ki, araşdırmalar erkən nikahların əsasən aztəminatlı ailələrdə geniş yayıldığını göstərir: “Araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir. Hazırda əmək bazarında 5397 nəfər 15-19 yaş arasında olan şəxs muzdla əmək fəaliyyəti göstərir ki, bu da bütün muzdla işləyənlərin 0,43%-i təşkil edir. Bunların 45,5%-i gənc qızlardır. Bu yaş qrupunda olan şəxslərin 80 nəfərinin ibtidai təhsili, 2541 nəfərinin tam orta təhsili, 1046 nəfərinin isə ümumi orta təhsili var. Araşdırmaların nəticələrinə əsasən, erkən nikahların səbəblərindən birinin də kənd yerlərində yaşayan kişilərin əmək miqrasiyası ilə bağlı olaraq qızlar arasında ailə qura bilməmək qorxusundan irəli gəlir. Erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir”.